Əhmədinejad: \"Azərbaycanla İran arasında əməkdaşlıq bölgədə sülh və sabitliyin bərpasına yardım edə bilər\"
"İran və Azərbaycan terrorçuluqla mübarizədə əməkdaşlığı genişləndirəcək". SİA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Mahmud Əhmədinejad Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovla Tehranda "Terrorçuluqla mübarizə"yə həsr olunmuş konfrans zamanı keçirdiyi görüşdən sonra vurğulayıb: "Azərbaycanın konfransda fəal iştirakı iki ölkə arasında əlaqə və əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq. Eyni zamanda iki ölkə arasında geniş siyasi, iqtisadi və mədəni imkanlar ilə bölgədə sülh və sabitliyin bərpasına yardım edə bilər".
Öz növbəsində Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov: "İki ölkə terrorçuluqla mübarizədə müsbət və konstruktiv əməkdaşlıq edir və tərəflər arasında bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir", - deyə bildirib.
Qeyd edək ki, ötən gün İranın paytaxtı Tehranda terrorçuluq və ekstremizmlə mübarizə mövzusunda iki günlük beynəlxalq konfrans öz işinə başlayıb. Dünyanın 60-dək ölkəsindən prezidentlər, baş nazirlər, xarici işlər nazirləri, eləcə də terrorçuluqla mübarizə üzrə səlahiyyətli nümayəndələr sammitə qatılıblar.
Eyni zamanda ötən gün Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri ilə İranın eyni adlı şəhərini birləşdirən sərhəd buraxılış məntəqəsi istifadəyə verilib. Açılış mərasimində Azərbaycanın Respublikasının baş naziri Artur Rasizadə, Naxçıvan Muxtar Respubkliası Ali Məclisinin sədri Vasif Talıbov və İranın birinci vitse-prezidenti Muhammedrza Rahimi iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB