İlham Əliyev Silahlı Qüvvələrin 93-cü ildönümü münasibətilə keçirilən təntənəli hərbi paradda iştirak edib

İlham Əliyev Silahlı Qüvvələrin 93-cü ildönümü münasibətilə keçirilən təntənəli hərbi paradda iştirak edib
Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümü münasibətilə Bakının Azadlıq meydanında möhtəşəm hərbi parad keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paradda olub.


Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyəti, hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları iştirak edib.


Meydana toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşılayıblar.


Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.


Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgərləri salamlayıb.


Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycanın dövlət himnini ifa edib.


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitq söyləyib.


Sonra Silahlı Qüvvələrin şəxsi heyətinin və hərbi texnikanın təntənəli keçidi başlayıb.


Meydana əvvəlcə, Azərbaycan Respublikasının dövlət bayrağı gətirilib.


Bunun ardınca Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin zabit bölükləri, ali hərbi məktəblərin kursantları mətin addımlarla tribunanın önündən keçiblər. Ardınca silahlı birləşmələrin xüsusi təyinatlılarının, Azərbaycan sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin dəstələri də nizami addımlarla tribunanın önündən keçiblər.


Meydana əvvəlcə motosikletlər və avtomobillər daxil olub. Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatlarının nümayişi hərbi parada tamaşa edənlərdə daha böyük maraq doğurub. Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, qaubitsalar, qoşqular, zireh sistemləri, "Qrad" yaylım atəşli reaktiv sistemləri, zenit-raket kompleksləri, müxtəlif markalı özüyeriyən artilleriya qurğuları, piyadanın döyüş maşınları, modernləşdirilmiş tanklar bir-birinin ardınca tribunanın önündən keçib.


Xəzər dənizinin sahilində, paradın keçirildiyi Azadlıq meydanının yaxınlığında Hərbi Dəniz Qüvvələrinin gəmi və qayıqları hərbi reyddə sıralanıb.


Sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin və vertolyotlarının uçuşu oldu. Şahinlərimiz səmada döyüş təyyarələrini və döyüş vertolyotlarını məharətlə idarə edərək, yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik olduqlarını bir daha təsdiqləyiblər.


Hərbi paradın sonunda bombardmançı və qırıcı-bombardmançı təyyarələr paytaxtın üzərindən keçiblər. Onların uçuşu meydanda alqışlarla müşayiət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə