Baş nazirin müavini Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbərini qınadı

Baş nazirin müavini Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbərini qınadı

Bu gün 26 İyun Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Gününə həsr olunan "Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov son 10-12 ildə dünyada narkotiklərin istehsalının 78 faiz artdığını vurğulayıb. O, qeyd edib ki, dünya bu bəlaya qarşı ciddi mübarizə aparmalıdır: "Hazırda dünyada 300 milyondan çox narkotika istifadəçisi var. Onlardan 30 milyonu damardaxili yeritmə ilə məşğuldur. 250 milyonu isə ilk dəfə istifadə edənlərdir".

Əli Həsənov deyib ki, son 2-3 ildə bəzi narkotik maddələrin istehsalı azalıb. Bu faktın BMT hesabatında da yer aldığını söyləyən baş nazirin müavini qeyd edib ki, hazırda narkotika istifadəçilərinin sayı artmaqdadır: "Dünyada narkotiklərlə mübarizə modeli köhnəlib. Narkotiklərlə bağlı mübarizə üzrə qanunlar sərtləşdirilməlidir".

Daha sonra çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Con MakKessik narkomaniya adlı bəladan heç kəsin sığortalanmadığını bildirib. O, problemin həllində cəmiyyətin bütün təbəqələrin fəallıq göstərməsinin vacibliyini vurğulayıb. Azərbaycanda gənclər arasında narkotik vasitələrin istifadəsinin statistikasına diqqət yetirən səfir gənclərin daha çox damardaxili yeritmə ilə məşğul olduğunu vurğulayıb.

Lakin baş nazirin müavini Əli Həsənov Con MakKessikin çıxışı zamanı səsləndirdiyi bəyanatın heç bir həqiqətə uyğun olmadığını bildirib: "Sizin üçün bu hesabatı hazırlayan şəxsə öz iradımı çatdırarsınız. Rəqəmlər düzgün deyil. Bu ilk dəfə deyil ki, Azərbaycanda gənclər arasında narkotik vasitələrdən istifadə edənlərin sayının şişirdilməsi ilə bağlı məlumatlar yer alır. ABŞ-ın hazırladığı hesabatda Azərbaycanda mövcud olmayan tələbə sayı qədər damardaxili yeritmə ilə məşğul olan gənclərin sayı daxil edilmişdi".

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin (İB) rəhbəri Məzahir Əfəndiyev isə çıxışında bütün dünyada bu təhlükənin qarşısını almaq üçün zərərin azaldılması ilə bağlı proqramlar tətbiq olunduğunu xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə