İranın Ali dini lideri Əli Xamneyinin İslam İnqilabının Mühafizəkarları Korpusundakı nümayəndəsinin müavini Moştaba Zolnur sensasiyalı bəyanatla çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İranın Ali dini liderinin nümayəndəsi bildirib ki, yaxın müddət ərzində İranın Ali Məclisi prezidentin vəzifəsindən uzaqlaşdırılması haqda qərar qəbul edəcək: "İnciyib 11 gün ərzində vəzifələrinin icrasından imtina etdi. Dövlətin çox sayda nüfuzlu şəxsləri prezidentin geri dönməsi üçün onu dilə tuturdu. Lakin o, məclisin onu vəzifədən kənarlaşdıracağı barəsində xəbərdarlığından sonra, prezident postuna geri döndü".
Qeyd edək ki, İran parlamentində ölkə prezidenti Mahmud Əhmədinejadın impiçment (etimadsızlıq) proseduruna hazırlıq işləri başlanmışdı. Deputatların bu addımı atmasına səbəb onunla İran lideri Əli Xamneyi arasında fikir ayrılığı idi. Bəzi mətbu orqanları Əhmədinejad və Xamneyi arasında münasibətlərin korlanmasına prezidentin kəşfiyyat işləri üzrə nazir Heydər Moslehini istefaya göndərmək cəhdlərinin boşa çıxmasını sübut kimi göstərib.
Prezident və ali dini lider arasında fikir ayrılıqları əvvəllər də olub. Xüsusilə də hələ 2009-cu ilin iyulunda Əli Xamneyi prezidentin birinci müavini İsfəndiyar Rahim Mashaeini vəzifəsindən kənarlaşdırıb. Halbuki prezidentin özü belə bir qərar qəbul etməmişdi və sonda onu Prezident Administrasiyasının rəhbəri təyin etdi.
Xatırladaq ki, İran prezidentinin rəsmən dövlət başçısı olmasına baxmayaraq ali dini lider Xamneyi de-fakto daha yüksək səlahiyyətlərə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB