Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də ulu öndər Heydər Əliyevin Tbilisidəki büstü və Gürcüstanın ərazi bütovlüyü uğrunda şəhidlərin abidəsi önünə əklil qoyduqdan sonra, Marneuli şəhərində ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Xarici işlər naziri Elmar Məmmədyarov görüş iştirakçılarına Prezident İlham Əliyevin xoş arzularını çatdırıb, belə görüşlərin Azərbaycan dövlətinin başçısının tapşırığı ilə keçirildiyini bildirib. Nazir Azərbaycanın Gürcüstana yeni təyin olunmuş səfiri Azər Hüseyni iştirakçılara təqdim edərək, onun təcrübəli diplomat olduğunu nəzərə çatdırıb. Səfir Azər Hüseyn fəaliyyətini əhali ilə yaxın təmas əsasında qurmağı planlaşdırdığını, problem və digər aktual məsələlərin birgə müzakirə yolu ilə həllinə nail olmağa çalışacağını vurğulayıb.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ötən illər ərzində xeyli belə görüşlər keçirildiyini, onların hər iki tərəf üçün səmərəli olduğunu və qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlər görüldüyünü qeyd edib.
Sonra Azərbaycan nümayəndə heyəti Gürcüstanın baş naziri Nikoloz Qilauri ilə görüşüb. Görüş çərçivəsində energetika, yüklərin daşınması və digər sahələrdə əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi məsələləri müzakirə olunub.
Qeyd edək ki, səfər nümayəndə heyətini Gürcüstan Prezidenti Mixail Saakaşvilinin qəbul etməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB