Türkiyə Böyük Millət Məclisinə deputat seçilən üç azərbaycanlı kimdir?

Türkiyə Böyük Millət Məclisinə deputat seçilən üç azərbaycanlı kimdir?

Türkiyədə keçirilən parlament seçkilərində üç nəfər Azərbaycan mənşəli türk vətandaşı Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Bu barədə SİA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov məlumat verib. O bildirib ki, bunlar Milliyyətçi Hərəkat Partiyasının (MHP) İqdır millət vəkilliyinə 1 nömrəli namizədi Sinan Oğan, əslən İqdırdan olan, İstanbuldan deputat seçilmiş Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Əli Özgündüz və namizədliyi Ədalət və İnkişaf Partiyasından (AKP) irəli sürülən Hacı Bayram Türkoğludur.

B.Nəzərov vurğulayıb ki, əslən azərbaycanlı olan S.Oğan 1967-ci ildə İqdırda anadan olub: "S.Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. O, Azərbaycan dövləti və xalqının maraqlarını daha ardıcıl və sistemli şəkildə müdafiə etmək məqsədi ilə Ankarada Türkiyə Azərbaycan Dərnəyini (TAD) yaradıb. TAD-ın yaradılması ilə Azərbaycanın Türkiyədəki diasporu daha da güclənib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən TAD müntəzəm olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilk siyasəti ilə bağlı beynəlxalq konfrans və seminarlar keçirib".

Diaspor sözçüsü əlavə edib ki, Hataydan deputat seçilən AKP nümayəndəsi Hacı Bayram Türkoğlu Hatay Azərbaycan dərnəyinin başqanıdır. Onun sözlərinə görə, Hacı Bayram Türkoğlunun rəhbərlik etdiyi dərnək Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə