Əli Bilgə Cankorel: “Azərbaycandan geri gəlmək arzusu ilə ayrılıram” - MÜSAHİBƏ-EKSKLÜZİV
ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorelin SİA-ya müsahibəsi:
- ATƏT-in Bakı Ofisinin rəhbəri postunda 2009-cu ilin aprelindən çalışırsınız. Bu iki il ərzində daha çox nə qazandınız?
- Bəli, iki il ərzində Azərbaycanda çox işlər gördük. Görülən işlər nəticəsində gözlə görünən və görünməyən qazancımız oldu. Fikrimcə, ən böyük nailiyyətimiz ATƏT-in qarşıya qoyduğu yüksək normalar əsasında Azərbaycanın həm dövlət strukturlarının, həm də vətəndaş cəmiyyətinin getdikcə bizim işlərimizdə fəal iştirak etməsidir. Bu prosesdir, bu bir vaxtdır. Bunu mən hər zaman təkrar edirəm bir gün ərzində hər hansı bir mövzuda tezliklə böyük uğurlar əldə etmək olmur. Mənim fikrimcə, zamanla tərəflər arasında dialoq və müzakirələrin davam etdirilməsi ən böyük qazancdır. ATƏT-in Bakı Ofisinin rəhbəri postunda olduğum zaman Azərbaycanda iki böyük- 2009-cu ildə Bələdiyyə və 2010-cu ildə Parlament seçkiləri keçirildi. Əlbəttə, bu seçkilərin təşkili istiqamətində irəliləyişlər əldə olundu. Lakin ən mühim məqam isə seçkilər zamanı geniş müzakirə və dialoqlar keçirildi və nəticədə hesabatlar hazırlandı. Bu hesabatlar əsasında müsbət və mənfi sözlər deyildi. Hesabatlar əsasında müzakirələr aparıldı və hesab edirəm ki, bu müzakirələrdən sonra müəyyən dərslər götürülüb. Alınan dərslər nəticəsində irəliləyişlər əldə olunacaq necə ki, artıq başlanılıb. Məsələn, "Siyasi partiyalar haqqında" qanun layihəsi ilə bağlı bəzi işlər görülür. Heç bir şey ideal deyil. Eyni zamanda qanunları da buraya daxil etmək olar. Çünki qanunlar müəyyən müddət sonra köhnəlir. Zamanın tələbinə uyğun olaraq bu qanunlara da əlavə və dəyişikliklər etmək lazımdır. Bu zəmində "siyasi partiyalar haqqında" qanun da bunlardan biridir. Bu qanunda bir sıra, eyni zamanda ciddi dəyişikliklər etmək lazımdır. Dövlətdəki siyasi plüralizmi, çoxtərəfliliyi daha çox dəstəkliyəcək və yardım edəcək yeni bir qanunlar gətirmək mümkündür.
Bildiyiniz kimi müxalifət olmadan demokratiya mümkün deyil. "Siyasi partiyalar haqqında" və digər qanunlara müxalifətin vəziyyətini, təhlükəsizliyini təmin və təşviq edəcək tədbirlər həyata keçirilməsi barəsində maddələrin salınması zəruridir. Partiyaların qurulması, təşkili və qeydiyyata alınması da gündəmə gətiriləcək. Amma vacib olan məsələ məhdudlaşdırıcı yeni qanunların gündəmə gətirilməməsidir. Bütün bunlar keçirilən iki seçki ərəfəsində keçiridiyimiz təcrübələrdən aldığımız dərslərdir. İki il ərzində biz daha çox nailiyyətlər əldə etdik. Amma sizinlə hər layihə üzərində danışmaq istəməzdim. Bunlar mənim ümumi görüşlərimdir.
- İki il ərzində Azərbaycanda dəyişən nə oldu?
- Əslində bu məsələyə yanaşma tərzindən asılıdır. Mən heç bir şeyi mənfi görmürəm. Bu bir vaxtdır. Hər bir vaxt isə öz faydasını verir. Dialoq və müzakirələr davam etdikcə mütləq onun sonu müsbət çıxacaq. Mənim fikrimcə, iki il ərzində Azərbaycanda dəyişənlər müsbət istiqamətdə olub. Ötən illərə nəzər salsaq, görərik ki, bəzi mövzularda irəliləyiş əldə olunmasa da mühüm olan əsas mövzularda nailiyyətlər əldə olundu. Mənim fikrimcə, beynəlxalq qurumlar və ATƏT tərəfindən müəyyənləşdirilən normalar daxilində nailiyyətlər əldə etmək istəyini nəzərə alsaq, rəsmi Bakının gələcək gedişlərini müsbət görmək mümkündür. Siyasi baxımdan da bu belədir. Lakin bu çətindir. Bəzən beş il heç bir irəliləyiş əldə etmək mümkün olmur. Lakin altınci il qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilir. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının son hesabatında Azərbaycan haqqında yer almış məlumatlar ümumi inkişafın göstəricisidir. Hesabatın əhatə etdiyi 169 ölkə arasında, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olub. 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlib. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub. Bunu gözəl bir nailiyyət kimi qeyd etmək lazımdır. Daha yaxşı olmasını da diləyirəm. Həmçinin gəlir fərqliliyinin azaldılması və korrupsiyaya qarşı mübarizədə yüksək nailiyyətlər əldə edilməlidir. Çünki bunlar çox vacibdir. Həm siyasət, həm də biznes sahəsində bərabər rəqabət şərtləri qorunmalıdır. Bunlar zaman içərisində olacaq. Eyni zamanda mətbuatla bağlı əldə olunan uğurlara toxunmaq istərdim. Bir neçə il bundan öncə tənqidlərə yol açan hadisələr oldu. Bəzi mətbuat orqanlarının nümayəndələri həbs olundu. Daha sonra onlar həbsdən azad edildilər. Hazırda Azərbaycanda həbsdə olan bir media işçisi yoxdur. Bu həqiqətən də gözəldir. Gözəl olan şeyləri də mütləq demək lazımdır. Media azadlığı çox mühümdir. Bu mövzuda hər kəs öz fikrini bildirə bilir. Eyni zamanda qəzetçiləri həbs edib və etməmək məsələsi də deyil. Media nümayəndələrinə qarşı pis təzyiqlər etməkdənsə, onların fəaliyyətinin davam etdirməsi üçün bütün lazımı olan şəraitlə təmin etmək lazımdır. Son zamanlarda Azərbaycan hökümətinin Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə maddi yardımlar ayırması müsbətdir. Fiziki baxımdan bu iki il ərzində Azərbaycanda nə gördüm deyə soruşsanız. İki il ərzində Bakı çox gözəlləşib. Bakıya böyük yatırımlar qoyulur və hazırda 3-4 dənə böyük bir otellər tikilir. Gələn il isə "Evrovision" musiqi yarışmasının Azərbaycanda keçirilməsi bütün dünyanın bura diqqət etməsinə gətirib çıxaracaq. Dünyanın hər yerində baş verən belə mədəni hadisələr kimi Azərbaycanın qələbəsi Bakı şəhərinin görünüş baxımından dəyişməsini tezləşdirir. Bakı çox daha gözəl olacaq. Ümidvaram ki, Azərbaycan böyük bir sürətlə düzgün və yaxşı yolda irəliləyəcək.
- İqtidarla və müxalifət arasında dostluq mümkündürmü?
- İlk növbədə iqtidarla müxalifət bir-birinə rəqibdir. Amma bu rəqabət bəlli qanunlar çərçivəsində davam etdirilməlidir. İqtidarın təzyiqi ilə müxalifətin siyasətdən silinməsi qəbuledilməzdir. Əgər belə hal baş verərəsə, iqtidar və müxalifət liderləri nə qədər dost olasalar da belə bu bir şey ifadə etmir. Amma bir-birinə qarşı olsunlar, müzakirələri də az olsun. Amma müxalifət qorunmalıdır. Vacib olan budur.
- Azərbaycanda dostluq elədiyiniz insanlar varmı?
- Olmaya bilərmi? Adlarını demək istəməzdim, amma o qədər çoxdur ki, onların sayı. Siyasət, mədəniyyət, təhsil sistemində işləyən dostlarım var. Hər gün də dostlarımın sayı çoxalır. Mənim 20 yaşından 90 yaşına qədər dostlarım var.
- Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu köhnə "QAZ-21" markalı avtomobil almışdı. Bəzi səfirlərin Azərbaycanda biznesi var. Bəs sizin necə?
- Bizim sistemimizdə belə bir şey müzakirə mövzusu ola bilməz. Hüseyn Avni Qarslıoğlunun köhnə avtomobili var. Amma mənim heç nə Azərbaycanda, nə də Türkiyədə avtomobilim yoxdur. Bizim iş fəaliyyətimizin tərkib hissəsində bizneslə məşğul olmaq mümkün deyil. Qadağandır. Hətta biz diplomatik fəaliyyətimizi başa vurandan sonra belə bizneslə çox məşğul olmuruq. Daha çox bilik dünyasına qərq oluruq. Fikir və media dünyasında fəaliyyətmizi davam etdiririk. Lakin bunun istisnaları ola bilər. Hər bir şəxs vəzifəsindən uzaqlaşdıqdan sonra istədiyi hər bir şeyi edə bilər. Buna da mane olmaq mümkün deyil.
- Azərbaycandan hansı hisslərlə ayrılırsınız?
- Azərbaycandan geri gəlmək arzusu ilə ayrılıram. Azərbaycan mənim yalnız öz vətənim kimi mənə yaxın bir dövlət deyil, bəlkə də daha maraqlı bir ölkə olaraq yaşadığım bir cəmiyyət oldu. Öz irqimin yəni türk irqinin, hətta bundan ötəsi Qafqaz regionundan Türkiyənin qonşusu barəsində bu günə qədər bilmədiyim tərəflərini gördüm və kəşf etdim. Bu baxımdan özümün mədəniyyətim və savadım tamamlandı. Eyni zamanda Azərbaycanı tanıdıqdan sonra regionda mövcud olan siyasi və mədəni məsələləri daha yaxşı görə bilirəm. Azərbaycan xalqına xoş arzularımı çatdırıram. Eyni zamanda Azərbaycanda baş verən hadisələri yaxından izləməyə davam edəcəyəm və inşallah tez-tez ziyarətə gələcəyəm.
-Yeni təyinatınızla bağlı məlumatınız varmı? Yoxsa təqaüdə çıxacaqsınız?
- İşləyən insanlar heç zaman təqaüdçü olmur. Amma dövlət vəzifəsindən kənarlaşacağam. Bundan sonra öz peşəmlə məşğul olacağam. Mənim peşəm isə xarici siyasətdir. Öz peşəmin daxilində yeni nailiyyətlər əldə etmək fikrindəyəm. Lakin hazırda dincəlmək fikrindəyəm.
- Harada dincəlməyi planlaşdırırsınız?
- Hazırda heç bir xarici dövlətə getmək fikrində deyiləm. Yalnız öz məmləkətimi gəzmək istəyirəm. Öz məmləkətimdə mənim görmədiyim çox yerlər var. Mən İstanbulda anadan olmuşam. Amma diplomatik fəaliyyətimlə bağlı İstanbulda yaşaya bilmədim. Hər şeydən öncə İstanbulda yaşamaq istəyirəm. Bu günə qədər dünyanın bir çox dövlətlərində olmuşam və Türkiyəyə gəldiyim zaman sadəcə Ankarada olurdum. Odur ki, doğma torpaqlarımdan həzz almaq istəyirəm.
- Diplomatik fəaliyyətiniz dövründə həyatınız necə keçdi?
- 40 il diplomatik fəaliyyətlə məşğul olmuşam. Vaxt isə tez gəldi keçdi. Fövqəladə sürətlə illər gəlib keçdi. Eyni zamanda çox dinamik həyatım olub. Bilirsiniz, diplomatiya insana heç kimsəyə nəsib olmayan təcrübələr qazandırır. Dünyanın hazırda müzakirə etdiyi böyük diplomatik və siyasi hadisələr meydana gəldiyi zaman mən o hadisələrin içərisində olmuşam. Tarixdə öz adını yazan böyük siyasi hadisələrin canlı şahidi olmuşam. Amerikadan Çinə qədər, Avropanın mərkəzində, Avropa Birliyində, Ukraynada, BMT-də diplomatik fəaliyyətlə məşğul olmuşam. Əfqanıstanda gərgin müharibə şəraitinin şahidi idim o zamanlar. Son 40 ildə dünyada baş verən bütün diplomatiya hadisələrini görmüşəm. Bununla birgə bir sıra mühüm liderlərlə tanış oldum. Onlarla görüşüb müzakirələr aparmaq imkanlarım olub. Yaşadıqlarım haqqında qeydiyyat aparmışam. Artıq Azərbaycanda da diplomatik fəaliyyətimi bitirdikdən sonra inşallah kitab formasında dərc etdirəcəyəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB