\"Sərhəd\" hərbi-idman oyunları qaliblərinin mükafatlandırılma mərasimi keçirilib - FOTOSESSİYA
Bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) binasında "Sərhəd" hərbi-idman oyunlarında iştirak etmiş və fərqlənmiş məktəblilərin mükafatlandırılma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Məhəmməd Abbasquluyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirliyinin nümayəndəsi Səfər Sahibov və digər rəsmi şəxslər iştirak ediblər.
İlk olaraq tədbirdə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Daha sonra DSX-nin rəsi müavini M.Abbasquluyev çıxış edərək dünyada gənc nəslin mənəvi-ideoloji tərbiyəsi, təhsili, fiziki hazırlığı məsələlərinə xüsusi fikir verilməsindən danışıb və bildirib ki, gənclər hər bir xalqın gələcəyini müəyyənləşdirən təbəqədir. Onun sözlərinə görə, sağlam, təhsilli, bacarıqlı vətənpərvər gənclərin yetişdirilməsi məqsədi ilə Azərbaycanda uğurlu siyasət həyata keçirilir: \"Respublikamızda həyata keçirilən gənclərlə bağlı mənəvi-ideoloji iş daim diqqət mərkəzində saxlanılır. DSX bu sahədə bir sıra tədbirlər görür. Həmin tədbirlər sırasında "Sərhəd" hərbi-idman oyunları xüsusi yer tutur. Artıq ənənə şəkli almış bu oyunlar DSX rəsinin, təhsil nazirinin, gənclər və idman nazirinin birgə qərarı əsasında keçirilir və gənc nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunmasında, sağlam gənclər yetişdirilməsində, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır".
Daha sonra çıxışına yarışda çıxış edən komandalar haqqında danışan general-mayor əlavə edib ki, Azərbaycan sərhəd mühafizəsinin 93-ci ildönümü ərəfəsində keçirilən bu- növbəti "Sərhəd" hərbi-idman oyunlarında 28 sərhədyanı rayonun 202 məktəbindən 1010 şagird iştirak edib: \"Bu yarış 3 mərhələdən ibarət olub. Aprel ayında start verilən oyunlar may ayında yekunlaşıb və final turniri iyunun 2-dən 10-a kimi Dövlət Sərhəd Xidməti Akademiyasının bazasında keçirilib. Final mərhələsində isə 3 komanda qalib olub. Naxçıvanın Ordubad rayonun internat məktəbi III, Qəbələnin Vəndam kəndinin komandası II yer, İmişlinin Qızılkənd komandası isə I yeri tutub. Qalibləri təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar arzulayıram".
Bundan sonra tədbirdə çıxış edən qonaqlar da öz növbəsində qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda qaliblər mükafatlandırılıb və tədbir Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB