Səfər Əbiyev NATO baş katibinin xüsusi nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Səfər Əbiyev NATO baş katibinin xüsusi nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə 2011-ci il 9 iyun tarixində Brüssel şəhərində alyansın Mərkəzi Qərargahında keçirilmiş görüşündə iştirak edib. Azərbaycanın NATO yanında nümayəndiliyindən SİA-ya verilən xəbərə görə, görüş zamanı nazirlər ISAF əməliyyatının hazırkı vəziyyətini, o cümlədən rəhbər rolun Əfqanıstan tərəfinə ötürülməsi və ondan sonrakı vəziyyət, Əfqanıstan təhlükəsizlik qüvvələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıb. Həmçinin iclasda Əfqanıstanda qanunun aliliyinin gücləndirilməsi məqsədilə NATO-nun Hüququn Aliliyi üzrə Sahə Dəstək Missiyası təsdiq edilib.

Bundan başqa, nazir Səfər Əbiyev həmin gün NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturayı qəbul edib. Görüşdə tərəflər Azərbaycan-NATO münasibətlərini, NATO ilə qarşılıqlı operativ uzlaşmanın artırılması, ölkəmizin ISAF əməliyyatına töhfəsi və digər məsələləri müzakirə edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nazir Səfər Əbiyev Polşanın müdafiə naziri Boqdan Kliç ilə görüşüb və görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə