Elmar Məmmədyarov Atlantik Şurada nitq söyləyib

Elmar Məmmədyarov Atlantik Şurada nitq söyləyib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində 2 iyun tarixində Vaşinqtonun ən nüfuzlu və mötəbər araşdırma mərkəzlərindən biri olan Atlantik Şurada nitq söyləyib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə ABŞ Adminstrasiyası, Dövlət Departamenti, Müdafiə Nazirliyi və digər hökumət qurumlarının əməkdaşları, region üzrə mütəxəssislər və KİV, eləcə də ABŞ-da akkreditə edilmiş diplomatik nümayəndəliklərinin üzvləri iştirak ediblər.

Nazir E.Məmmədyarov cari ildə Azərbaycanın müstəqillik əldə etməsinin 20 illiyinin olması, 20 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər, dünya miqyasında öz layiqli yerini tutması barədə geniş məlumat verib. O, dövlətimizin regionda aparıcı dövlət olması, regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynamasını da iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda Azərbaycanın iqtisadiyyat sahəsindəki uğurları, son bir neçə ildə ümumdaxili məhsulun həcminin üç dəfə artması qeyd edilib.

Daha sonra Nazir E.Məmmədyarov, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq, münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə iştirakçıları məlumatlandırıb.

Görüşün sonunda, Nazir E.Məmmədyarov iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə