“Azərbaycan zərurət yaranacağı təqdirdə Avropa Şurasını tərk etməyi nəzərdən keçirə bilər” - ŞƏRH
”IV Qlobal Media Forumunda səsləndirilən bütün mesajların əsas məqsədi dünyada sülhün möhkəmləndirilməsinə, etibarlı informasiya mühitinin formalaşdırılmasına və dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət etmək idi”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət də məhz bu prinsiplər üzərində qurulub:
” Ölkəmiz bütün məsələlərdə dürüstlüyü, dəqiqliyi, şəffaflığı və məsuliyyətli yanaşmanı əsas prioritet hesab edir. İnformasiya siyasətində də məqsəd odur ki, bütün tərəflər həqiqətə söykənsin, üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalsın və həm milli, həm də beynəlxalq müstəvidə faydalı nəticələr əldə olunmasına töhfə versinlər.
Bu kontekstdə Prezident İlham Əliyev forum çərçivəsində Avropa Şurası ilə münasibətlərə də toxunaraq Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan zərurət yaranacağı təqdirdə Avropa Şurasını tərk etməyi də nəzərdən keçirə bilər. Bu fikir təsadüfi deyil. Çünki uzun illərdir həmin qurum Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirir, ölkəmiz haqqında qərəzli hesabatlar hazırlayır və reallığı əks etdirməyən ittihamlar irəli sürür. Ermənistanın uzun illər davam edən işğal siyasətinə lazımi hüquqi-siyasi qiymət verməyən bəzi beynəlxalq təsisatların Azərbaycanın haqlı mövqeyinə qarşı qərəzli münasibət sərgiləməsi cəmiyyətdə də ciddi narazılıq doğurur.
Forumda xüsusi vurğulandı ki, dezinformasiya, saxta xəbərlər və məqsədli informasiya manipulyasiyası müasir dövrün ən böyük təhlükələrindən biridir. Buna görə də media nümayəndələrinin əsas vəzifəsi cəmiyyətə yalnız yoxlanılmış, obyektiv və dəqiq məlumat çatdırmaqdır. İnformasiya məkanı qarşıdurma yox, etimad yaradan platformaya çevrilməlidir.
IV Qlobal Media Forumunun əsas devizi də məhz bu prinsiplərə söykənirdi. Burada dürüstlük, şəffaflıq, məsuliyyət və qarşılıqlı etimadın qorunması ön plana çəkildi. Dünyada davam edən müharibələr, geosiyasi qarşıdurmalar və beynəlxalq gərginlik fonunda dialoq mühitinin formalaşdırılması xüsusilə vacib hesab olunur. Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq platformalarda dialoqun təşviqinə xüsusi önəm verir və hesab edir ki, ən mürəkkəb problemlər belə danışıqlar yolu ilə həll edilə bilər.
Əslində bu yanaşma yalnız dövlətlərarası münasibətlər üçün deyil, cəmiyyət və ailə daxilində də keçərlidir. İstənilən mübahisənin həlli üçün ilk növbədə tərəflər bir-birini dinləməli, qarşılıqlı hörmət nümayiş etdirməli və ortaq məxrəcə gəlməyə çalışmalıdırlar. Beynəlxalq münasibətlərdə də eyni prinsip tətbiq olunmalıdır. Qarşıdurmaların dərinləşməsinin qarşısını almağın ən doğru yolu dialoq və qarşılıqlı anlaşmadır.
Forum çərçivəsində Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik, Afrikada müşahidə olunan neokolonializm meylləri, qlobal təhlükəsizlik və digər beynəlxalq məsələlər də geniş müzakirə olundu. Prezident İlham Əliyevin bu mövzularla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Azərbaycan bütün münaqişələrin beynəlxalq hüquq normaları əsasında, sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir.
Prezident çıxışında vurğuladı ki, Azərbaycanın əsas məqsədi regionda sabitliyin qorunması, yeni qarşıdurmaların qarşısının alınması və əməkdaşlığın genişləndirilməsidir. Ölkəmiz müstəqil xarici siyasət yürüdür, milli maraqları əsas götürür və heç bir beynəlxalq təzyiq qarşısında öz prinsipial mövqeyindən geri çəkilmir.
IV Qlobal Media Forumu həm də Azərbaycanın son illərdə əldə etdiyi uğurların beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm platforma oldu. Dövlət başçısına ünvanlanan çoxsaylı suallar göstərdi ki, beynəlxalq ictimaiyyət Azərbaycanın yanaşmalarına, xüsusilə də münaqişələrin həlli, enerji təhlükəsizliyi, regional əməkdaşlıq və qlobal sabitlik məsələlərində qazandığı təcrübəyə böyük maraq göstərir.
Azərbaycan uzun illər ərzində üzləşdiyi mürəkkəb problemlərin həlli üçün özünəməxsus idarəetmə və diplomatik mexanizmlər formalaşdırıb. Bu təcrübə artıq bir sıra dövlətlər tərəfindən öyrənilir və nümunə kimi qiymətləndirilir. Ölkəmiz əldə etdiyi müsbət təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməyə də hazır olduğunu açıq şəkildə bəyan edir.
IV Qlobal Media Forumu qarşısına qoyduğu məqsədlərə nail oldu. Forum bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal çağırışlara münasibətdə aydın strateji baxışa malikdir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər təkcə Azərbaycana deyil, bütün dünyaya ünvanlanmış sülh, dialoq, qarşılıqlı hörmət və etibarlı informasiya mühitinin formalaşdırılmasına çağırış kimi qiymətləndirilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB