Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər qəbul edilib

Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər qəbul edilib

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında üçüncü oxunuşda qəbul edilib.

SİA xəbər verir ki, qanun layihəsi Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın formalaşdırılması məqsədilə hazırlanıb.

İclasda bildirilib ki, dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən 27 fevral 2026-cı il tarixində təsdiq edilmiş “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrasına xidmət edir.

Qeyd olunub ki, Fəaliyyət Planının 8.3.8-ci yarımbəndində avtonom nəqliyyat sistemlərinin tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə müvafiq normativ hüquqi bazanın yaradılması nəzərdə tutulub.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə