“Rusiya–Ukrayna müharibəsinin tezliklə sülh yolu ilə başa çatması dünyanın maraqlarına uyğundur" - DEPUTAT DANIŞDI
"Rusiya–Ukrayna müharibəsi artıq dörd ildən çoxdur davam edir. Ağır nəticələrə səbəb olan bu müharibə Ukraynanın xeyli ərazilərini itirməsi, son dövrlərdə isə Ukrayna tərəfindən Rusiya ərazisinə endirilən zərbələr nəticəsində yaranan dağıntılar və çoxsaylı insan itkiləri ilə müşayiət olunur".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası hər iki dövlətlə yüksək səviyyəli münasibətlərə malikdir:
” Bu baxımdan rəsmi mövqeyimiz ərazi bütövlüyü prinsipinə hörmət olunması şərti ilə iki ölkə arasında sülhün əldə edilməsi, müharibə mərhələsinin danışıqlar mərhələsi ilə əvəzlənməsi və münaqişənin masa arxasında həll olunmasıdır:
"Bununla bağlı uzun müddətdir müxtəlif ölkələrdə tərəflərin nümayəndə heyətləri arasında danışıqlar aparılsa da, hələlik ciddi nəticə əldə olunmayıb. Yalnız humanitar məsələlər, o cümlədən əsirlərin və həlak olan şəxslərin cəsədlərinin qarşılıqlı qaytarılması istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur.
Bu müharibənin nəticələri təkcə regional deyil, qlobal miqyasda da ciddi problemlər yaradıb. Dünyada həm siyasi, həm də hərbi konfiqurasiyanın sürətlə dəyişdiyini görürük. Böyük güclər, o cümlədən ABŞ vasitəçilik səyləri göstərsə də, hələlik bunun real nəticəsi yoxdur.
Eyni zamanda, Avropa və digər Qərb ölkələrinin Ukraynaya verdiyi dəstək fonunda Rusiya da həlledici üstünlük əldə edə bilmir. Son dövrlərdə pilotsuz uçuş aparatlarının geniş istifadəsi və müasir müharibə taktikasının dəyişməsi nəticəsində Ukraynanın Rusiya ərazilərinin dərinliklərinə zərbələr endirməsi də müşahidə olunur. Bu isə müharibənin hələ bir müddət davam edə biləcəyini göstərir.
Bu gün Ankarada keçirilən NATO-nun növbəti sammitində də Rusiya–Ukrayna müharibəsi, onun sülh yolu ilə həlli və gələcəkdə ölkə liderlərinin danışıqlar masası arxasına əyləşməsi məsələləri gündəmdədir. Lakin hazırkı mərhələdə ortada real nəticə yoxdur. Rusiya tərəfi öz hədəflərinin dəyişmədiyini bildirir. Ukrayna isə işğal olunmuş ərazilərdən Rusiya qoşunlarının çıxarılmasını və ərazi bütövlüyünün tam bərpa edilməsini tələb edir. Bu tələblər isə Rusiya tərəfindən qəbul edilmir.
Ümumilikdə, bu müharibə Avropanın iqtisadi, siyasi və hərbi siyasətində ciddi dəyişikliklərə səbəb olub. Dünya sanki yeni silahlanma mərhələsinə qədəm qoyur. İqtisadi tənəzzül meyillərinin güclənməsi də böyük ölçüdə artan hərbi xərclər və silahlanma prosesi ilə əlaqələndirilir.
İki qardaş xalq arasında davam edən bu müharibə təkcə tərəflərə və region ölkələrinə deyil, bütövlükdə qlobal təhlükəsizlik sisteminə və dünya iqtisadiyyatına mənfi təsir göstərir. İlin sonuna qədər müsbət nəticələrin əldə olunacağına ümid edirik. Lakin hazırda atılan addımlar və mövcud proseslər yaxın perspektivdə sülhün əldə olunacağına dair nikbin proqnoz verməyə əsas yaratmır".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB