“Yaxın aylarda müharibədə yalnız taktiki dəyişikliklərin baş verməsi gözlənilir” - ŞƏRH
“Artıq bir neçə ildir davam edən Rusiya–Ukrayna müharibəsi beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından biri olaraq qalsa da, son dövrdə qlobal miqyasda baş verən digər geosiyasi hadisələr bu münaqişəyə yönələn diqqətin müəyyən qədər azalmasına səbəb olub. Xüsusilə ABŞ ilə İran arasında artan gərginlik, eləcə də beynəlxalq münasibətlər sistemində müşahidə olunan yeni qarşıdurma ocaqları dünya ictimaiyyətinin diqqətini fərqli istiqamətlərə yönəldib”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, bununla belə, cəbhə xəttində vəziyyət ciddi şəkildə dəyişməyib:
”Rusiya Ukrayna ərazilərində hərbi əməliyyatlarını davam etdirir və mümkün sülh danışıqları baş tutacağı təqdirdə daha əlverişli mövqedən çıxış etmək məqsədilə döyüş meydanında üstünlüyünü möhkəmləndirməyə çalışır. Bu, Moskvanın gələcək diplomatik proseslərdə mövqeyini gücləndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, Avropa ölkələri Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ardıcıl şəkildə bəyan etsələr də, bu siyasi dəstəyin praktiki nəticələri əvvəlki dövrlərlə müqayisədə daha məhdud görünür. Mövcud şəraitdə Avropanın mövqeyi daha çox diplomatik bəyanatlar və siyasi həmrəylik çərçivəsində ifadə olunur.
NATO daxilində də müəyyən qeyri-müəyyənliklər qalmaqdadır. Xüsusilə ABŞ-nin alyansdakı gələcək rolu və Vaşinqtonun təhlükəsizlik siyasətində mümkün dəyişikliklərlə bağlı müzakirələr diqqət mərkəzindədir. Belə dəyişikliklərin baş verməsi Ukraynaya göstərilən hərbi və siyasi dəstəyin həcminə təsir göstərə, bu isə öz növbəsində münaqişənin gələcək inkişafına birbaşa təsir edə bilər.
Eyni zamanda, ABŞ Prezidenti Donald Trump tərəfindən səsləndirilən fikirlər də müzakirə mövzusu olaraq qalır. O, bir müddət əvvəl Rusiya və Ukrayna arasında danışıqların müəyyən vaxt çərçivəsində irəliləyə biləcəyinə dair gözləntilərini ifadə etmiş və tərəflərin kompromisə yaxınlaşmasının vacibliyini vurğulamışdı.
Ümumilikdə, yaxın aylarda cəbhədə və diplomatik müstəvidə müəyyən taktiki dəyişikliklərin baş verməsi mümkündür. Bununla belə, bu prosesləri müharibənin qısa müddətdə tam başa çatacağı və ya yekun sülh sazişinin imzalanacağı kimi dəyərləndirmək düzgün olmaz. Daha real görünən ssenari odur ki, münaqişənin gələcək taleyi tədricən formalaşacaq geosiyasi balansdan, böyük güclərin maraqlarından və beynəlxalq münasibətlər sistemində baş verəcək dəyişikliklərdən asılı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB