“Rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi dövlət siyasətinin prioritetidir” -DEPUTAT DANIŞDI
“Rəqəmsal texnologiyaların tətbiqi və inkişafı müasir dövrdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi artımın sürətləndirilməsi və cəmiyyətin dayanıqlı inkişafının təmin edilməsinin əsas amillərindən biridir. Dünyada rəqəmsal transformasiya artıq texnoloji yenilik olmaqdan çıxaraq dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən strateji istiqamətə çevrilmişdir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Komitə sədri vurğuladı ki, elektron hökumət, süni intellekt, böyük verilənlər (Big Data), bulud texnologiyaları və kibertəhlükəsizlik həlləri idarəetmədə şəffaflığın artırılmasına, xidmətlərin operativliyinə və resurslardan daha səmərəli istifadəyə imkan yaradır:
“Azərbaycan da bu qlobal inkişaf tendensiyalarını nəzərə alaraq rəqəmsallaşmanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu baxımdan, cari ilin fevralın 11-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda müşavirədə səsləndirilən fikirlər və 2026–2035-ci illəri əhatə edən rəqəmsal inkişaf üzrə fəaliyyət planı ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rəqəmsal İnkişaf Şurasının sədri təyin olunması dövlətin rəqəmsal transformasiyaya verdiyi xüsusi önəmin göstəricisidir. Onun idarəçilik təcrübəsi, təşkilatçılıq bacarığı və strateji yanaşması belə mürəkkəb proseslərin koordinasiyalı şəkildə həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
İyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında qeyd olunduğu kimi, əsas məqsəd müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid rəqəmsal idarəetmə modelinin formalaşdırılması və qəbul edilən qərarların səmərəli icrasının təmin edilməsidir. Bununla yanaşı, innovasiya ekosisteminin inkişafı, yerli və xarici investisiyaların cəlb olunması, rəqəmsal sahibkarlığın dəstəklənməsi və müasir dövlət idarəetmə modelinin qurulması prioritet vəzifələr kimi müəyyən edilmişdir.
Beynəlxalq təcrübə göstərir ki, rəqəmsal iqtisadiyyatın inkişafı əmək məhsuldarlığını artırır, biznes mühitini yaxşılaşdırır, dövlət xidmətlərinin keyfiyyətini yüksəldir və vətəndaş məmnunluğunu gücləndirir. Rəqəmsal həllərin geniş tətbiqi korrupsiya risklərinin azalmasına, idarəetmədə şəffaflığın və hesabatlılığın möhkəmlənməsinə də mühüm töhfə verir.
Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, qeyri-neft sektorunun genişlənməsi və ölkəyə artan investisiya marağı rəqəmsallaşma üçün əlverişli zəmin yaradır. Bu proses iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə, yüksək texnologiyalar sahəsinin inkişafına və innovasiyalara əsaslanan yeni iqtisadi modelin formalaşmasına xidmət edir.
Rəqəmsal İnkişaf Şurası tərəfindən müəyyənləşdirilən prioritetlər Azərbaycanın milli maraqlarına uyğun olmaqla yanaşı, ölkənin rəqəmsal dövlət modelinə keçidini sürətləndirən mühüm strateji addımlardır. Rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, iqtisadi inkişafın sürətlənməsinə və Azərbaycanın qlobal rəqəmsal məkanda mövqeyinin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB