Zəif əllər və bulanıq görmək smartfondan istifadəsinin nəticəsi ola bilər

Zəif əllər və bulanıq görmək smartfondan  istifadəsinin nəticəsi ola bilər

Smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, mütəxəssislər xəbərdarlıq edirlər ki, onlardan uzun müddət və düzgün olmayan şəkildə istifadə "telefon bədəni" adlandırılan bir sıra fiziki problemlərə səbəb ola bilər.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu problemlər arasında əllərdə zəiflik və keyimə, bilək ağrıları, boyun gərginliyi, eləcə də göz yorğunluğu və bulanıq görmə ön plana çıxır.

Mütəxəssislərin sözlərinə görə, telefonu uzun müddət eyni vəziyyətdə tutmaq və davamlı yazışmaq baş barmaq, bilək və barmaq vətərlərinə həddindən artıq yük salır. Bu isə zamanla əzələ yorğunluğu, vətər iltihabı və sinirlərin sıxılması ilə nəticələnə bilər. Eyni zamanda, ekrana fasiləsiz baxmaq göz qırpma sayını azaltdığı üçün gözlər quruyur, yorulur və görmədə müvəqqəti bulanıqlıq yarana bilir. Xüsusilə zəif işıqlandırılmış mühitdə telefondan istifadə bu problemləri daha da artırır.

Mütəxəssislər riskləri azaltmaq üçün hər 20 dəqiqədən bir qısa fasilə verməyi, uzaqdakı bir nöqtəyə baxaraq gözləri dincəltməyi, telefonu gözlərə çox yaxın tutmamağı, ekranın parlaqlığını ətraf mühitə uyğun tənzimləməyi və uzun müddət boynu əyilmiş vəziyyətdə qalmamağı tövsiyə edirlər.

Əllərdə zəiflik, keyimə, ağrı və ya bulanıq görmə tez-tez təkrarlanır, istirahətdən sonra keçmirsə və ya getdikcə güclənirsə, mütəxəssislər həkimə müraciət etməyin vacibliyini vurğulayırlar. Bu əlamətlər bəzi hallarda daha ciddi sağlamlıq problemlərinin də göstəricisi ola bilər.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə