"Dövlət qulluqçusu dövlət siyasətinin icraçısıdır" - DEPUTAT DANIŞDI

"Dövlət qulluqçusu dövlət siyasətinin icraçısıdır" - DEPUTAT DANIŞDI

"Dövlət qulluqçusu dövlətin vətəndaş qarşısında olan vəzifələrini yerinə yetirən şəxsdir. Bu sahədə çalışmaq üçün yüksək bilik, məsuliyyət hissi və xalqa xidmət etməkdən qürur duymaq vacibdir".

Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və dövlət idarəçiliyinin inkişafında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət qulluqçusunun cəmiyyətdəki nüfuzu və statusu əhəmiyyətli dərəcədə yüksəlmişdir: "Bu gün dövlət qulluğunda öz işinə məsuliyyətlə yanaşan, vətəndaşların problemlərinin həlli üçün çalışan çoxsaylı peşəkar insanlar fəaliyyət göstərirlər.

Müasir dövrdə gənclər arasında dövlət qulluğunda çalışmağa maraq olduqca böyükdür. Onlar bu məsuliyyətli peşəyə hazırlaşır, tələb olunan bilik və bacarıqları mənimsəməyə çalışırlar. Görünən odur ki, dövlət qulluğuna ən layiqli və peşəkar namizədlərin seçilməsi istiqamətində mühüm işlər görülür.

Cənab Prezidentin dövlət qulluqçuları qarşısında müəyyən etdiyi yüksək tələbləri yerinə yetirmək hər bir dövlət qulluqçusu üçün böyük şərəfdir. Eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycana xidmət nümunəsi hər kəs üçün örnəkdir.

Hər bir vətəndaş, xüsusilə də dövlət qulluqçuları çalışdıqları sahədə ölkəmizin inkişafına, dövlətimizin güclənməsinə və müstəqilliyimizin möhkəmlənməsinə öz töhfəsini verməlidir. Bu baxımdan dövlət qulluqçularının üzərinə böyük məsuliyyət düşür.

Dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, hər bir dövlət qulluqçusunun öz vəzifəsini yüksək məsuliyyət hissi ilə yerinə yetirməsi dövlətimizin daha da güclənməsinə xidmət edəcəkdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə