Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş Milli Məclisdə müzakirə olunaraq qəbul edilib.
SİA xəbər verir ki, məsələ parlamentin bugünkü iclasında gündəliyə çıxarılıb.
Bildirilib ki, saziş 4 may 2026-cı ildə Kito şəhərində imzalanıb və məqsədi hər iki ölkənin diplomatik, rəsmi və xidməti pasport sahiblərinin qarşılıqlı səfərlərini asanlaşdırmaqdır.
Sənədə əsasən, tərəflərin müvafiq pasportlarına malik vətəndaşları digər ölkənin ərazisinə vizasız daxil ola, tranzit keçə və hər 180 gün ərzində 90 günədək qalmaq hüququ əldə edirlər. Daha uzunmüddətli qalma halları isə qəbul edən ölkənin milli qanunvericiliyinə uyğun şəkildə tənzimlənəcək.
Qeyd olunub ki, saziş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına akkreditasiyadan əvvəl viza azadlığı şamil etmir.
Saziş həmçinin pasport nümunələrinin diplomatik kanallar vasitəsilə mübadiləsini, dəyişikliklərin protokollarla rəsmiləşdirilməsini və mümkün fikir ayrılıqlarının danışıqlar yolu ilə həllini nəzərdə tutur.
Sənəd qeyri-müəyyən müddətə bağlanır və tərəflərin daxili prosedurlarının tamamlanmasını təsdiqləyən son bildirişdən 30 gün sonra qüvvəyə minəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB