“Proseslər tamamilə hakimiyyətin xeyrinə dəyişib” - ŞƏRH EDİLDİ

“Standart seçkilərdə Nikol Paşinyan qalib gəldi, amma təkbaşına çoxluğu əldə edə bilmədi”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, 71 deputat mandatını qazana bilmədi:

“Qaqik Tsarukyanın partiyası da seçki baryerini keçə bilmədi. Qalan deputat yerləri isə üç partiya arasında bölündü: Nikol Paşinyanın partiyası, Samvel Karapetyanın partiyası və Robert Koçaryanın partiyası arasında.

İkinci yerdə Samvel Karapetyanın partiyası qərarlaşıb və o, müxalifətdə olacaq. Nəzərə alsaq ki, Ermənistan parlamentində artıq üç müxalifət partiyası təmsil olunacaq, buna baxmayaraq Nikol Paşinyanın 65 mandatı var. Hesab edirəm ki, qanunların qəbulunda ciddi problem yaşanmayacaq.

Seçkilər başa çatdı, islahatlar isə davam etdiriləcək. Azərbaycanla münasibətlər, referendum məsələsi və Ermənistanın daxili siyasəti üçün də bu seçkilər müəyyən nəticələr ortaya qoydu. Ümumilikdə proses normal keçdi.

Hazırda müxalifət tərəfindən seçkilər zamanı repressiyaların, təzyiqlərin və qanun pozuntularının olduğu da vurğulanır. Amma hesab edirəm ki, ümumi mənzərəyə baxdıqda, müəyyən pozuntular olsa belə, proseslər tamamilə hakimiyyətin xeyrinə dəyişib. Avropa İttifaqı da hələlik çox sərt mövqe nümayiş etdirmir.

Düşünürəm ki, Paşinyan rəqiblərinə qarşı, xüsusilə Robert Koçaryan və Samvel Karapetyana qarşı hüquqi və siyasi təqibləri artıracaq. Bundan əlavə, Qarabağ elitasını da siyasi səhnədən uzaqlaşdırmağa çalışacaq. Xüsusilə seçkilərdən sonra onun mövqeyi daha da möhkəmlənib və hesab edirəm ki, Qarabağ məsələsi ilə bağlı fəaliyyət göstərən qüvvələri də tamamilə təsirsiz hala gətirməyə çalışacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə