“Azad edilmiş ərazilərdə mədəni irsin bərpası davam edir” - Nazir müavini

“Beynəlxalq ictimaiyyət bu məsuliyyəti təkcə etik məsələ kimi deyil, həm də beynəlxalq öhdəlik kimi qəbul etmişdir”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” adlı panel sessiyasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, ərazi bütövlüyü tam bərpa olunduqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma proqramı həyata keçirilir.

Fərid Cəfərov qeyd edib ki, qısa müddət ərzində azad edilmiş ərazilərdə yeni şəhərlər, kəndlər, məktəblər, körpülər, muzeylər və mədəniyyət müəssisələri inşa olunur, yaşıl enerji infrastrukturu yaradılır.

O vurğulayıb ki, tarixi məscidlərin və abidələrin bərpası istiqamətində də sistemli işlər aparılır və bölgədə mədəni həyat yenidən canlandırılır.

Nazir müavini əlavə edib ki, azad edilmiş ərazilərdə yerləşən bütün maddi mədəni irs nümunələri Mədəniyyət Nazirliyinin xüsusi nəzarəti altındadır və dövlət başçısının tapşırıqlarına uyğun olaraq bərpa işləri davam etdirilir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə