“Şəhərsalma və yaşıllıq paralel inkişaf etdirilməlidir” - Miura İtsuhiro

“Yaponiyada tikinti-inkişaf işləri aparıldıqca şəhərlərdə yaşıllıq ərazilərin əhatə dairəsi də artır. Şəhərlərin yaşıllaşdırılması iqlim dəyişikliyinin təsirlərinin azaldılması, biomüxtəlifliyin qorunması və şəhər mühitinin cəlbediciliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

SİA xəbər verir ki, bunu Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin Şəhər, Mənzil Baş İdarəsinin Baş Direktorun müavini Miura İtsuhiro Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf” adlı tədbirdə deyib.

O bildirib ki, Yaponiyada özəl sektorun həyata keçirdiyi yenidənqurma layihələri yaşıllıq sahələrinin artırılmasında mühüm rol oynayır.

Miura İtsuhiro qeyd edib ki, Tokio şəhərinin “Otemachi” biznes bölgəsində aparılan yenidənqurma nəticəsində yalnız ofis infrastrukturu deyil, eyni zamanda təbii mühit də formalaşdırılıb.

Onun sözlərinə görə, 2024-cü ildə “Şəhərlərin yaşıllaşdırılması haqqında” qanuna edilən dəyişikliklər özəl sektorun yaşıl sahələrin qorunması və artırılmasına daha sistemli yanaşmasını təmin edib.

O əlavə edib ki, bu model iqlim dəyişikliyinə qarşı mübarizə, biomüxtəlifliyin qorunması və şəhər sakinlərinin rifahının artırılması baxımından effektiv nəticələr verir və şəhər inkişafı ilə ətraf mühit arasında balans yaradır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə