Təmiz enerji sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (TEM) İcraiyyə Şurasının birinci iclası keçirilib.

SİA xəbər verir ki, iclasda təşkilata üzv olan dövlətləri təmsil edən nümayəndələr — Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Türkiyə Respublikası və Özbəkistan Respublikası — həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini və TEM-in İcraçı direktoru iştirak ediblər.

İclas gündəliyin qəbul edilməsi ilə açılıb və daha sonra İƏT Baş katibinin müavini Erjan Mukaş çıxış edərək TEM-in regional platforma kimi bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı, enerji səmərəliliyinin artırılması və İƏT regionunda təmiz enerji keçidinin sürətləndirilməsi baxımından strateji əhəmiyyətini vurğulayıb.

TEM-in icraçı direktoru Aysel Yaqubova Mərkəzin 2025-ci ilin noyabrında rəsmi fəaliyyətə başlamasından etibarən həyata keçirilən fəaliyyətlər barədə əhatəli məlumat təqdim edib. O, əsas institusional nailiyyətləri, beynəlxalq və regional tərəfdaşlarla davam edən əməkdaşlığı, eləcə də enerji sahəsində regional və qlobal təşəbbüslərdə Mərkəzin iştirakını diqqətə çatdırıb. İcraçı direktor, həmçinin 2026-cı ilin may–dekabr ayları üçün Mərkəzin Fəaliyyət Planını təqdim edib.

Azərbaycan Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əşrəf Şıxəliyev TEM-in ev sahibi ölkə qismində Azərbaycan Hökuməti tərəfindən Mərkəzin institusional və logistik fəaliyyətinin təmin olunması istiqamətində görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb. O, həmçinin son bir il ərzində Azərbaycanın bərpa olunan enerji sektorunda əldə etdiyi mühüm irəliləyişləri diqqətə çatdırıb.

Pakistanın Energetika Nazirliyinin müştərək katibi Məhəmməd Xalid Xan və Qırğız Respublikasının Energetika nazirinin müavini Nazgul Usenova çıxış edərək Mərkəzin fəaliyyətinə dəstəklərini ifadə edib, ölkələrində bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində həyata keçirilən işlər barədə məlumat veriblər.

İclasda İƏT TEM-in əldə etdiyi irəliləyişlər təqdir olunub və təqdim olunan Fəaliyyət Planı ətrafında fikir mübadiləsi aparılıb. Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Enerji Səmərəliliyi və Ətraf Mühit Departamentinin rəhbəri Bilal Düzgün Mərkəzin fəaliyyətini yüksək qiymətləndirib və regional koordinasiyanın gücləndirilməsi, bilik mübadiləsinin təşviqi və tərəfdaş dövlətlər arasında inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində Mərkəzin fəaliyyətinə dəstək məqsədilə müvafiq təklifləri irəli sürüb.

İcraiyyə Şurası TEM-in inzibati və maliyyə idarəetmə çərçivəsinin hərtərəfli, şəffaf və qaydalara əsaslanan şəkildə formalaşdırılması məqsədilə hazırlanmış Heyət haqqında əsasnaməni və Maliyyə qaydalarının layihələrini nəzərdən keçirib.

İclas çərçivəsində, həmçinin gələcək fəaliyyət istiqamətləri və Türkiyədə keçiriləcək COP31 tədbirinə hazırlıq məsələləri müzakirə olunub.

Sonda İcraiyyə Şurasının növbəti iclasına dair hazırlıq işlərinə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə