Humanitar və mədəni əlaqələrin inkişafı Bakı ilə Riqa əməkdaşlığının əsas istiqamətidir” -DEPUTAT DANIŞDI

“Azərbaycanla Latviya arasında münasibətlərin inkişafı regional və beynəlxalq kontekstdə də mühüm əhəmiyyət kəsb edir”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Nigar Məmmədova bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevlə Latviya dövlət başçısı Edqars Rinkeviçs arasında baş tutan görüşlər, əldə olunan razılaşmalar əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərdi:

” Bakı və Riqa arasında diplomatik münasibətlər 30 ildən çoxdur qurulub. E.Rinkeçvin ölkəmizə səfəri isə əlaqələrin daha nəticəyönümlü mərhələyə keçdiyini nümayiş etdirdi. Xüsusilə Avropa strukturları çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə mövzularından biri oldu.
Bakıda aparılan müzakirələrin əsas istiqamətlərindən biri də iqtisadi sahədə əməkdaşlıq perspektivləri idi. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın Avropa üçün strateji tərəfdaş rolu dövlət başçılarının görüşündə bir daha vurğulandı. Latviya tərəfi də öz növbəsində logistika, nəqliyyat və liman infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi. Bu, Avropa bazarına çıxış imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Latviya Azərbaycanın xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görür.
Görüşün diqqətçəkən məqamlarından biri də regional təhlükəsizlik məsələləri oldu. Azərbaycanın post-münaqişə dövründə atdığı addımlar, xüsusilə sülh gündəliyi və Ermənistanla normallaşma prosesi barədə Latviya tərəfinə ətraflı məlumat verildi. Bu kontekstdə rəsmi Bakı beynəlxalq tərəfdaşlara verdiyi mesajları bir daha təkrarlayaraq regionda dayanıqlı sabitliyin tərəfdarı olduğunu nümayiş etdirdi. Dövlət başçımızın da vurğuladığı kimi, “məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz.”
Humanitar və mədəni əlaqələrin inkişafı da Bakı ilə Riqa arasında əməkdaşlığın əsas istiqamətlərindəndir. Belə ki, təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi siyasi və iqtisadi işbirliyinin davamı kimi iki ölkə xalqları arasında daha sıx əlaqələrin qurulmasına xidmət edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə