İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır - Vüqar Rəhimzadə

Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çoxtərəfli tərəfdaşlığa əsaslanan model üzərində formalaşıb. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri olan müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Təbii ki, bu əməkdaşlıq həm ölkələrə malik olduqları potensialı təqdim etmək, həm də səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda gələcək üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmaq imkanı yaradır. Bunun üçün təkcə cari ilin ötən dövründə qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Azərbaycan ikitərəfli əməkdaşlıqda Baltikyanı ölkələrlə əlaqələrə də xüsusi önəm verir. Bu dövlətlərlə əlaqələr müasir dövrdə yeni məzmun kəsb edərək xüsusilə mədəniyyət, parlamentlərarası dialoq və iqtisadi sahələrdə genişlənir.

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri Baltikyanı ölkələrlə əlaqələrimizin bugünkü inkişaf səviyyəsinin aydın mənzərəsini yaratdı. Səfərdə məqsəd təbii ki, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir. Hər bir səfər münasibətlərin tarixinə qısa nəzər salmağı bir zərurətə çevirir. Qeyd edək ki, hər iki ölkə keçmiş İttifaqın tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin yanvarında qurulmuşdur. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır ki, bu həm də Azərbaycanın Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb. İki ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın Avropa ilə münasibətləri strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulmuş dinamik bir modeldir. Rəsmi Bakı Avropa İttifaqı və ona üzv ölkələrlə əlaqələrini Avrasiyanın logistik xəritəsini formalaşdıran mühüm geosiyasi aktor statusunda inkişaf etdirir. Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı qeyd etdi ki, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir. Bu layihələr Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Ölkəmiz Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu münasibətlər suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə qarşılıqlı hörmət əsasında qurularaq, regionda sabitliyin qorunmasına xidmət edir.

Azərbaycan və Latviya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları, həmçinin əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması bütün bu məqamlara bir daha işıq saldı. Qeyd etdiyimiz kimi, dövlətlərarası əlaqələrin inkişafında imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Azərbaycan ilə Latviya arasında bugünədək 50-yə yaxın sənəd imzalanıb. Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış bir sıra sənədlərin mübadiləsi mərasimi oldu. Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında, Azərbaycan-Latviya biznes-forumunda Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafı üçün mövcud imkanlar geniş müzakirə edildi. Geniş tərkibdə görüşdə Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında çox yaxşı siyasi əlaqələr mövcuddur. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik. Latviya Prezidenti Edqars Rinkeviçs Bakıya sonuncu səfərindən 9 il ötdüyünü, həmin səfərin 2017-ci ildə baş tutduğunu önə çəkərək bildirdi ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir.

Mətbuata bəyanatında “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq” söyləyən dövlət başçısı İlham Əliyev latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğuladı. Prezident İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verərək iki ölkə arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırdı. O da qeyd edildi ki, həmin vaxtdan bəri bir çox irəliləyiş olub. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu, bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğuladı.

Latviya Prezidenti Edqars Rinkeviçs bu gün çox müsbət, praqmatik və gələcəyə yönəlmiş müzakirələr apardıqlarını söyləyərək onu da əlavə etdi ki, ölkəsi Azərbaycanla strateji tərəfdaşdır. Dövlətimizin başçısı İlham Əliyevi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edən Edqars Rinkeviçs bu inamı ifadə etdi ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq.

Millət vəkili bildirib ki, Latviya Prezidentinin ölkəmizə səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafına böyük töhfə kimi dəyərləndirilir. Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxışında qeyd etdi ki, müzakirə etdiyimiz bir çox məsələlər arasında iqtisadi tərəfdaşlıq mövzusu da var idi. Xüsusilə bu gün təşkil olunan biznes-forum birlikdə çalışmaq üçün qarşılıqlı istəyimizi real şəkildə nümayiş etdirir. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı - 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır.

Edqars Rinkeviçsin 9 ildən sonra Azərbaycana növbəti səfərini etməsi artıq tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda regionda və dünya siyasətində dəyişikliklərin, yeniliklərin baş verdiyi mərhələyə təsadüf edir. Bu səfər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. İkitərəfli əməkdaşlıq üçün də geniş potensial mövcuddur. Bu əməkdaşlıq ticarət, siyasət və təhsil sahələrini əhatə edir. Hazırda Latviyada yüzlərlə azərbaycanlı tələbə təhsil alır və bu da humanitar əlaqələrin inkişafına töhfə verir. Ümumilikdə hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır. Tərəflər əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafında maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə