"Belə bir deyim var ki, hər hansı problemin həlli ilk növbədə kadrlardan asılıdır. Doğrudan da, kadrlar mövcud problemləri aradan qaldıra da bilər, əksinə, yanlış seçim olduqda problemləri daha da dərinləşdirə bilər. Bu baxımdan kadr amili istənilən idarəetmə sistemində, xüsusilə də dövlət idarəçiliyində həlledici rol oynayır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Prezident xalqın etimadı ilə seçildiyi üçün əsas məqsədi cəmiyyətin problemlərini həll etməkdir: "Bunun üçün isə güclü və peşəkar komanda formalaşdırmaq vacibdir. İstər xarici siyasətdə, istərsə də daxili siyasətdə uğurun təmin olunması birbaşa bu komandanın peşəkarlığından və effektiv fəaliyyətindən asılıdır. Çünki xarici və daxili siyasət bir-biri ilə sıx bağlıdır və bu siyasətin düzgün icrası üçün səriştəli kadrlara ehtiyac var.
Zaman-zaman aparılan kadr islahatları da məhz bu məqsədə xidmət edir. Mövcud problemlərin aradan qaldırılması, idarəetmənin təkmilləşdirilməsi və cəmiyyətlə dövlət arasında əlaqələrin gücləndirilməsi baxımından kadrların rolu danılmazdır. Kadrlar Prezidentin həyata keçirdiyi siyasəti cəmiyyətə çatdıran əsas vasitəçi rolunu oynayır.
Kadr seçimində bir sıra mühüm meyarlar nəzərə alınmalıdır. Peşəkarlıq, idarəetmə bacarığı, təcrübə, ideoloji hazırlıq və dövlətə sədaqət bu meyarların əsasını təşkil edir. Bu keyfiyyətlər kompleks şəkildə bir araya gəldikdə effektiv idarəetmə mümkün olur. Əks halda, vəzifəsindən sui-istifadə edən və ya özünü doğrultmayan kadrlar həm sistemə, həm də cəmiyyətə zərər verə bilər.
Belə hallarda həmin şəxslərin vəzifədən azad olunması və qanun qarşısında cavab verməsi təbii və zəruri addımdır. Çünki dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət prinsipləri əsasdır.
Eyni zamanda qeyd etmək lazımdır ki, zamanın tələblərinə uyğun olaraq kadrların yenilənməsi qaçılmazdır. Bəzən daha çevik qərarların qəbul edilməsi, yeni yanaşmaların tətbiqi üçün struktur dəyişiklikləri və yeni kadrların irəli çəkilməsi zərurəti yaranır. Bu isə dövlət başçısının səlahiyyətində olan bir məsələdir.
Dövlətin uğuru və inkişafı böyük ölçüdə düzgün kadr siyasətindən asılıdır. Güclü, peşəkar və məsuliyyətli kadrlar Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətin uğurla icrasında əsas dayaqlardan biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB