"Qarabağa qayıdış artıq reallığa çevrilib" - DEPUTAT DANIŞDI

"Böyük Qayıdış proqramı çərçivəsində artıq bir sıra mühüm hazırlıq işləri həyata keçirilib və bu proses mərhələli şəkildə davam edir. Bildiyiniz kimi, artıq Ağdam, Xocalı və digər rayonlardan olan keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıtmağa başlayıblar və onların bir qismi artıq öz ata-baba torpaqlarında məskunlaşıb".

Bu sözləri SİA-ya açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Onun sözlərinə görə, qayıdan sakinlər üçün müasir standartlara uyğun yaşayış evləri tikilib, bütün zəruri infrastruktur - yollar, elektrik, su, qaz, rabitə və sosial xidmətlər təmin olunub: "Eyni zamanda, məşğulluğun təmin edilməsi, kənd təsərrüfatının inkişafı və digər iqtisadi fəaliyyət sahələrinin qurulması istiqamətində də geniş işlər görülür.

Bu prosesdə ən vacib məsələlərdən biri təhlükəsizliyin təmin olunmasıdır. Xüsusilə minalardan təmizləmə işləri prioritet istiqamət kimi davam etdirilir. Bildiyiniz kimi, işğal dövründə həmin ərazilərdə çoxsaylı minalar basdırılıb və bu da təmizləmə prosesini olduqca çətin və vaxt aparan edir. Buna baxmayaraq, həm yerli qurumlar, həm də beynəlxalq tərəfdaşların dəstəyi ilə bu sahədə mühüm irəliləyiş əldə olunur.

Eyni zamanda, regionda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni yollar, tunellər və kommunikasiya xətləri çəkilir, müasir şəhər və kənd konsepsiyaları tətbiq olunur. Xüsusilə “ağıllı kənd” və “yaşıl enerji” layihələri çərçivəsində xarici investorlarla əməkdaşlıq genişlənir və bu sahədə bir sıra mühüm müqavilələr artıq icra mərhələsindədir.

Bütün bu addımların əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur bölgəsində dayanıqlı inkişafı təmin etmək, insanların təhlükəsiz və komfortlu şəkildə yaşamasına şərait yaratmaqdır.

Bu proses sistemli və ardıcıl şəkildə həyata keçirilir və hər keçən gün daha da genişlənərək ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə