“Azərbaycan-Türkiyə münasibətlərinin dünyada analoqu yoxdur” - Vüqar İskəndərov

“Sözün əsl mənasında Azərbaycan və Türkiyə xalqları və dövlətləri arasındakı münasibətlərin dünyada analoqu yoxdur. Dünyada 200-dən artıq dövləti müqayisə etdikdə belə, bu səviyyədə yaxınlıq və qardaşlıq nümunəsinə rast gəlmək mümkün deyil”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, bu münasibətlərin kökləri tarixi əsaslara dayanır: “Ulu Mustafa Kamal Atatürk dövründən başlayaraq, Nəriman Nərimanov tərəfindən Türkiyəyə göstərilən dəstək və Atatürkün ‘Qardaş qardaşa borc verməz’ ifadəsi bu dostluğun bariz nümunəsidir”.

Vüqar İskəndərov vurğulayıb ki, sonrakı mərhələdə bu münasibətlər daha da möhkəmlənib: “Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan siyasət bu gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirilir və bütün sahələrdə yüksək səviyyəyə çatdırılıb”.

Deputat qeyd edib ki, parlamentlər də bu münasibətlərin inkişafında mühüm rol oynayır: “Parlamentlərarası əlaqələr dövlətlərimiz arasındakı strateji tərəfdaşlığın daha da güclənməsinə öz töhfəsini verir”.

O əlavə edib ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlər də bu çərçivədə inkişaf edir: “1990-cı illərin çətin dövründə Azərbaycan artıq türk dünyası çərçivəsində Şimali Kiprlə əlaqələr qurmağa başlamışdı. Son illərdə isə bu münasibətlər yenidən nəzərdən keçirilib və Prezidentin təşəbbüsü ilə Şimali Kipr Türk Cümhuriyyəti ilk dəfə Azərbaycan tərəfindən Türk Dövlətləri Təşkilatına dəvət olunaraq mühüm status qazanıb”.

Sonda deputat bildirib ki, bu addım strateji əhəmiyyət daşıyır və türk dünyasının birliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə