Qarabağ: bu günün reallıqları və Rusiya siyasətçilərinin isterik çıxışları - MƏQALƏ
Son illərdə Qarabağ ətrafında baş verən hadisələr Cənubi Qafqazın siyasi xəritəsini köklü şəkildə dəyişdi. Xüsusilə, ikinci Qarabağ müharibəsi və daha sonra bölgədə aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü faktiki olaraq bərpa etdi. Bu gün Qarabağ artıq yeni mərhələyə - bərpa, reinteqrasiya və inkişaf mərhələsinə qədəm qoyub.
Bununla belə, bu reallıqlar bəzi xarici siyasi dairələrdə xüsusilə də Rusiya daxilində müəyyən narahatlıqla qarşılanır. Bir sıra rus siyasətçiləri və ictimai xadimləri Qarabağla bağlı emosional, bəzən isə reallıqdan uzaq bəyanatlarla çıxış edirlər. Bu çıxışlarda tez-tez regiondakı dəyişikliklərə tənqidi yanaşma, köhnə geosiyasi təsir imkanlarının itirilməsilə bağlı isterika hiss olunur.
Rusiyanın bəzi siyasi fiqurları regiondakı prosesləri “humanitar böhran” kimi təqdim etməyə çalışsalar da, rəsmi Bakı bu iddiaları rədd edir və bölgədə sülhün bərqərar olmasında, təhlükəsizliyin təmin olunmasında, iqtisadi mühitin yaradılmasında maraqlı olduğunu göstərir.
Rusiya, Cənubi Qafqazdakı ən böyük təsir aləti olan Qarabağ kartının əlindən çıxması ilə barışa bilmir. Azərbaycan və Ermənistanın iki ölkə arasında sülh yaratmaq istəkləri Rusiyanın regional siyasətinə tam ziddir. Rusiya iki dövlətin bu şəkildə bir araya gəlməsindən çox narahatdır. Bu konteksdə rus siyasətçilərinin emosional ritorikası daha çox anlaşılan və Ermənistandakı revanşist ünsürlərə hesablanmış mesajlar kimi qiymətləndirilməlidir. Bu cür bəyənatlar regionda real vəziyyəti dəyişdirmək gücündə deyil və daha çox informasiya müstəvisində təsir yaratmağa yönəlib.
Nəticə etibarilə, bu gün Qarabağda formalaşan yeni reallıqlar dəyişməzdir: Qarabağ, ayrı-ayrı ölkələrin qərarı ilə müəyyən edilən yox, beynəlxalq hüquq və ədalət əsasında Azərbaycanın suveren ərazisidir. Qarabağ, artıq münaqişə mərhələsindən çıxaraq quruculuq və inteqrasiya dövrünə daxil olub. Xarici siyasi ritorika isə, bu prosesi ləngitməkdən daha çox, mövcud vəziyyətin qəbul edilməsinin qaçılmaz olduğunu bir daha göstərir.
Həsən Qarayev,
Qloballaşma və Milli Həmrəylik İB-nin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB