“Bu addım Azərbaycanın prosesləri diqqətlə izlədiyini göstərir” - ŞƏRH OLUNDU

“Ceyhun Bayramovun İranlı həmkarı ilə telefon danışığında regional vəziyyətlə bağlı narahatlığın ifadə olunması əslində diplomatik dildə ciddi mesaj kimi qiymətləndirilə bilər. Bu, bir tərəfdən regionda gərginliyin nəzarətdən çıxmaq riski daşıdığını göstərir, digər tərəfdən isə Azərbaycanın prosesləri diqqətlə izlədiyini və təhlükəsizlik məsələlərində passiv mövqedə olmadığını nümayiş etdirir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, son dövrlərdə sərhəd yaxınlığında baş verən insidentlər, dron və raket hadisələri fonunda, bu cür diplomatik təmaslar həm xəbərdarlıq, həm də məsuliyyətin qarşı tərəfə xatırladılması xarakteri daşıyır:

“Bununla yanaşı, belə görüşlər tərəflər arasında yaranan gərginliklərin anlaşma və dialoq yolu ilə həllinə yönələn imkanları da gücləndirir. Digər mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan balanslı və praqmatik xarici siyasət kursunu davam etdirir və gərginliyin artmasında maraqlı olmadığını açıq şəkildə ortaya qoyur. Rəsmi Bakı bir tərəfdən regionda sabitliyin qorunmasını prioritet hesab edir, digər tərəfdən isə öz təhlükəsizlik maraqlarının pozulmasına qarşı həssas mövqe sərgiləyir. Bu baxımdan, belə telefon danışığı yalnız məlumat mübadiləsi deyil, həm də diplomatik kanallar vasitəsilə mümkün risklərin qabaqlanmasına yönəlmiş preventiv addım kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu təmas Azərbaycanın regiondakı rolunu və məsuliyyətini vurğulayır, tərəfləri ehtiyatlı davranmağa və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır.

Bu kontekstdə, Azərbaycanın bu cür diplomatik fəaliyyətləri həm milli təhlükəsizliyin təmin olunmasına, həm də regional əməkdaşlıq və dialoqun güclənməsinə xidmət edir. Beləliklə, telefon danışığı sadəcə rəsmi ünsiyyət deyil, strateji maraqların qorunması və mümkün gərginliklərin əvvəlcədən idarə olunması baxımından vacib bir addım kimi dəyərləndirilir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə