Dövlət Təhlükəsizliyi Xidmətinin ifşa etdiyi şəbəkə: mahiyyət üzə çıxdı - DEPUTAT DANIŞDI
“Ümumiyyətlə, bu kampaniya və bu proses bir neçə ildir davam edir və əsas məqsəd dövlət hakimiyyətində təmsil olunan, vəzifə tutan şəxslərin cəmiyyətdə etibarsızlaşdırılmasıdır. Bu fəaliyyətlərin arxasında isə xarici təsir amillərinin olduğu açıq şəkildə hiss olunur”.
Bu sözləri SİA -ya açıqlamasında Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Bu şəxslərə xaricdə sığınacaq verilməsi də təsadüfi deyil. Məqsəd onlardan istifadə etməklə Azərbaycana qarşı informasiya təzyiqi formalaşdırmaqdır:
“Son dövrlərdə isə bu proses yeni mərhələyə qədəm qoyub. Azərbaycanın müstəqil xarici siyasəti və xüsusilə Qarabağda əldə etdiyi böyük qələbədən sonra artıq birbaşa hədəf dövlət rəhbərliyi, o cümlədən Prezident İlham Əliyev, onun ailəsi və Birinci vitse-prezident Mehriban Əliyeva olub.
Bu istiqamətdə istənilən effekti əldə edə bilmədikdə isə etibarsızlaşdırma cəhdləri ailə səviyyəsinə yönəldilib. Bunun üçün saxta və manipulyativ materiallardan istifadə olunur. Bu materialların hazırlanması isə texniki baxımdan mürəkkəbdir və ayrı-ayrı şəxslərin deyil, daha geniş və təşkilatlanmış strukturların iştirakı ilə mümkün ola bilər.
Lakin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən atılan addımlar bu şəbəkənin mahiyyətini üzə çıxardı. Konkret şəxslərin pul müqabilində bu tip şantaj materiallarını yaymağa cəlb olunması və xaricdəki dairələrlə əlaqələri bir daha göstərdi ki, bu fəaliyyət təkcə fərdi təşəbbüs deyil, daha geniş planın tərkib hissəsidir.
Diqqət çəkən digər məqam isə odur ki, bu cür kampaniyalarda əsasən ailə dəyərləri hədəfə alınır. Məqsəd təkcə siyasi müstəvidə deyil, eyni zamanda cəmiyyətin mənəvi mühitinə zərbə vurmaqdır.
Bu baxımdan hesab edirəm ki, belə fəaliyyətlərin ifşa olunması çox vacibdir. Bu işlərdə iştirak edən, yaxud dolayısı ilə dəstək verən şəxslərin üzə çıxarılması və bu şəbəkələrin tam şəkildə ifşa olunması zəruridir.
Bu, həm dövlətin, həm də cəmiyyətin maraqları baxımından əhəmiyyətlidir. Xüsusilə də Azərbaycanı təmsil edən və simvolik məna daşıyan şəxslərin ailə mühitinin bu cür şantajlardan qorunması vacibdir.
Bu səbəbdən, həyata keçirilən tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə görülən işlərin peşəkarlıqla aparıldığını qeyd etmək istərdim. Çünki bu kimi fəaliyyətlərə qarşı vaxtında və qətiyyətli tədbirlər görülməsi zəruridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB