XIII Qlobal Bakı Forumu keçirilir - YENİLƏNİR/FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir.

SİA xəbər verir ki, forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, sabiq prezident və baş nazirlər, eləcə də tanınmış ekspertlər iştirak edirlər. Çıxış edənlər arasında Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin yüksək vəzifəli rəsmiləri və müxtəlif ölkələrin sabiq prezident və baş nazirləri yer alır.

Panel müzakirələrində qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquqa hörmət, yeni çağırışlar və çoxtərəfli əməkdaşlığın gələcəyi kimi məsələlər müzakirə olunur. Sessiyalarda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev və digər beynəlxalq səviyyəli siyasi xadimlər iştirak edirlər.

Forum çərçivəsində həmçinin BMT sisteminin gələcəyi, qlobal əməkdaşlığın yeni formatları və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə dair fikir mübadiləsi aparılır.

XIII Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qlobal problemlərin müzakirəsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Tədbir martın 14-dək davam edəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə