“Bu, dünya mediasının maraqla və həssaslıqla izlədiyi mövzudur” - ŞƏRH EDİLDİ

“Azərbaycanın İrana göstərdiyi humanitar yardımın dünya mətbuatının manşetlərinə çıxması təsadüfi deyil. Bu, dünya mediasının maraqla və həssaslıqla izlədiyi mövzudur”.

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hər kəs bu hadisədə yenilik axtarır və onu yeni bir prizmadan dünyaya çatdırmağa çalışır:

”Eləcə də Malayziyanın rəsmi xəbər agentliyi “Bernama” da yayımladı. Çünki burada söhbət ondan gedir ki, dünən Azərbaycana dron zərbəsi endirmiş bir dövlətə Azərbaycan humanitar yardım göstərir.

Bir çoxları hesab edirdi ki, İranın Naxçıvana dron zərbəsi endirməsindən sonra Azərbaycan və İran arasında münasibətlər daha da gərginləşəcək və Azərbaycan bunun qisasını almağa çalışacaq.

Lakin hadisələr fərqli istiqamətdə inkişaf etdi. Azərbaycan daha ağıllı və təmkinli mövqe tutaraq hesab etdi ki, bu dron zərbəsinin arxasında hələ aydınlaşdırılmalı məqamlar ola bilər. Sadəcə olaraq İran tərəfinə kəskin etiraz bildirildi və hadisənin dərindən araşdırılması tələb olundu.

Bununla yanaşı, yaxın qonşular olaraq Azərbaycan hadisələrin araşdırılması başa çatana qədər humanitar müstəvidə öz mövqeyini növbəti dəfə nümayiş etdirdi. Necə ki, illər əvvəl İranda baş verən güclü zəlzələlər nəticəsində on minlərlə insan evsiz qaldıqda Azərbaycan onlara yardım göstərmişdi. Eləcə də indi Azərbaycan İran xalqı müharibə şəraitində olduğu üçün humanitar yardım göstərməyi vacib hesab etdi. Bu addım Azərbaycanın siyasətinin həm həssas, həm də humanitar xarakterini göstərən bir nümunə kimi qiymətləndirilməlidir.

Eyni zamanda Azərbaycan nəzərə aldı ki, xüsusilə müharibə dövrlərində xalqların qonşuların humanitar dəstəyinə böyük ehtiyacı olur. Beləliklə, Azərbaycanın dron hücumlarına baxmayaraq İrana humanitar yardım göstərməsi dünya üçün maraqlı bir hadisəyə çevrildi. Məhz buna görə də dünyanın bir sıra media orqanları bu hadisəni öz manşetlərində işıqlandırdılar.

Həmçinin Malayziyanın müsəlman dövləti olduğunu da unutmaq olmaz. Malayziya müsəlman ölkəsi kimi Azərbaycanın İslam həmrəyliyi çərçivəsində həssas mövqe tutduğunu xüsusi vurğulayıb ki, bu da olduqca əhəmiyyətli məqamdır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə