Moskva Bakıya əl uzadır – Putinin zəngi nələri dəyişəcək?

Mətləb Salahov: “Bakı ilə münasibətlərin soyuq şəkildə davam etməsi Moskva üçün ciddi itkidir”

“Uzun müddətdir ki, məlum təyyarə qəzasından sonra Azərbaycan və Rusiya arasındakı münasibətlərdə yaranan sərinlik fonunda Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəng edərək Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirməsi aktual məsələdir. Bu addım, ən azı uzun müddətdir iki ölkə arasındakı münasibətlərdə yaranan sərinliyin aradan qaldırılması və əlaqələri genişləndirmək baxımından əhəmiyyətli faktdır. Belə görünür ki, Rusiya hazırkı situasiyada Azərbaycanla əlaqələrin bərpası və inkişaf etdirilməsi məsələsində həmişəkindən daha çox maraqlıdır”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı başlatdıqları müharibə hər an bölgədə hesablanmayan ciddi ağır fəsadlara yol açır. “Görünən odur ki, Rusiya bölgədəki iqtisadi və siyasi mərkəz halına gəlmiş Azərbaycanla humanitar məsələlər barədə və iki ölkənin gələcək münasibətləri üçün yeni səhifə açmaq fikrindədir. Çünki Moskva yenidən Bakıya əl uzatmaq və bölgədəki həssas situasiyada Azərbaycanla uzun müddətdir yaşanan gərginliyə son vermək, çoxəsrlik əlaqələri bərpa etmək istəyir. Daha neçə müddət Bakı ilə münasibətlərin soyuq şəkildə davam etməsi, sözün əsl mənasında, Moskva üçün ciddi itkidir. Kremldə də hamıya bəllidir ki, Bakı bölgənin iqtisadi və siyasi açarıdır. Qapının o üzündə qalmaq, ilk növbədə, Rusiyanın özü üçün arzuolunmaz situasiyadır”.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə