"Təşəbbüslər regionda etimadı gücləndirir" - ŞƏRH

"Sabitliyi qorumaq vacibdir, çünki bölgədə vəziyyətin gərginləşməsi yalnız yerli deyil, həm də regional və qlobal səviyyədə təhlükəli nəticələrə yol aça bilər. Əgər gərginlik əvvəlcədən qarşısı alınmasa, mövcud situasiyanı idarə etmək və təsirləri minimuma endirmək getdikcə çətinləşir".

Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, risklərin vaxtında qiymətləndirilməsi və preventiv tədbirlərin görülməsi zəruridir: "Eyni zamanda, beynəlxalq hüquqa hörmət göstərilməsi hər bir dövlətin məsuliyyətidir. Dövlətlər buna səs verirlər ki, beynəlxalq hüquq pozulmadığı halda, hər bir tərəfin maraqları qorunsun və qarşılıqlı etimad mühiti təmin olunsun. Hüququn aliliyi həm tərəflər arasında ədalətli münasibətlərin qurulmasına, həm də uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.

Azərbaycanın təşəbbüsləri həm dialoqun təşviqi, həm də humanitar əməkdaşlığın gücləndirilməsi baxımından böyük önəm daşıyır. Bu təşəbbüslər ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirir, həmçinin regionda qarşılıqlı anlaşmanın inkişafına, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə imkan yaradır. Eyni zamanda, bu addımlar dünya səviyyəsində alternativ həll yollarının, o cümlədən enerji və kommunikasiya kanallarının tapılmasına və möhkəmləndirilməsinə şərait yaradır. Bu isə həm iqtisadi, həm də siyasi baxımdan bölgəyə əlavə sabitlik gətirir və gələcəkdə potensial böhranların qarşısını almağa xidmət edir.

Bu çərçivədə, martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı Yaxın Şərqdə son günlər müşahidə olunan hərbi toqquşmalar və təhlükəsizlik mühitindəki gərginlik əsas müzakirə mövzusu olub.

Azərbaycanın bu istiqamətdəki fəaliyyətləri həm dialoq, həm əməkdaşlıq, həm də qarşılıqlı etimadın təşviqi baxımından nümunəvi hesab edilə bilər. Bu cür təşəbbüslər ölkəmizin beynəlxalq arenadakı etibarlılığını artırmaqla yanaşı, həm də bölgədə dayanıqlı inkişafın, təhlükəsizliyin və sülhün təmin olunmasına töhfə verir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə