“2025-ci il əlilliyi olan şəxslərin hüquqları sahəsində önəmli inkişaf ili oldu - Səbinə Əliyeva
“2025-ci il ərzində ölkəmiz əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və inklüziv cəmiyyət quruculuğu baxımından mühüm irəliləyişlər yaşadı. İl ərzində təqdim olunan təşəbbüslər ölkəmizin beynəlxalq öhdəliklərinin səmərəli icrasına, sosial inklüzivliyin güclənməsinə və milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət etdi”, – deyə Səbinə Əliyeva çıxışında bildirib.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə bağlı məruzəsini təqdim edərkən səsləndirib.
Ombudsman çıxışında görmə qabiliyyəti məhdud olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində atılmış addımlara toxunub: “Görmə qabiliyyəti məhdud olan şəxslərin ‘ASAN imza’ vasitəsilə sənədləri səsli interfeys və ekran oxuyucu dəstəyi ilə oxuyub təsdiqləməsinə imkan verəcək sistemin hazırlanması və tətbiqi bu sahədə inklüzivliyin artırılmasında əhəmiyyətli rol oynayır. Bu təşəbbüs hüquqi tanınma və üçüncü şəxsin iştirakı tələbinin aradan qaldırılmasını təmin edir”.
Səbinə Əliyeva həmçinin ölkəmizin beynəlxalq öhdəliklərini möhkəmləndirmək məqsədilə Qlobal Əlillik İnklüzivliyi üzrə Əmman – Berlin Bəyannaməsinə qoşulma təşəbbüsünə də diqqət çəkib: “Bu addım əlilliyi olan şəxslərin hüquqlarının qorunmasını beynəlxalq standartlarla daha da uyğunlaşdırmaq, sosial inklüziv siyasəti gücləndirmək və Azərbaycanın inklüziv cəmiyyət quruculuğunda beynəlxalq mövqeyini möhkəmləndirmək məqsədini daşıyır”.
Ombudsman çıxışını ilin uğurlu nəticələrini vurğulayaraq yekunlaşdırıb: “2025-ci il ölkəmiz üçün həm hüquqi, həm sosial sahədə inklüzivliyin genişləndirilməsi baxımından önəmli il oldu. Qarşıdakı illərdə də inklüzivlik təşəbbüslərini davam etdirərək daha böyük nailiyyətlər əldə etməyə çalışacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB