“Psixi sağlamlıq sahəsində qanunsuz xidmətlərin qarşısı alınmalıdır” - Səbinə Əliyeva
“Psixi sağlamlıq və insan hüquqları sahəsində fəaliyyət göstərən işçi qrupun monitorinq nəticələri göstərir ki, internet və sosial şəbəkələr üzərindən bu sahədə yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən müxtəlif xidmətlərin təklif olunması halları mövcuddur”.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisin plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə bağlı illik məruzəsini təqdim edərkən səsləndirib.
Ombudsman bildirib ki, belə halların qarşısının alınması üçün hüquqi və institusional mexanizmlərin hazırlanması, eyni zamanda psixi sağlamlıq sahəsində vahid milli strategiyanın qəbulunun sürətləndirilməsi məqsədəuyğundur.
Səbinə Əliyeva qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş profilaktik tibbi müayinələrin nümunəvi siyahısına uşaq psixoloqu müayinəsinin əlavə edilməsi məsələsi də aktuallığını qoruyur: “Uşaqların psixi sağlamlığının erkən mərhələdə qiymətləndirilməsi və zəruri dəstəyin göstərilməsi gələcəkdə daha ciddi problemlərin qarşısının alınmasına xidmət edə bilər”.
O, həmçinin uşaqlar və yeniyetmələr tərəfindən geniş istifadə olunan sosial şəbəkə platformalarında monitorinqlərin aparılmasının vacibliyini vurğulayıb. Ombudsmanın sözlərinə görə, zorakılığı və zərərli davranışları təbliğ edən məzmunun aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər gücləndirilməlidir.
Səbinə Əliyeva əlavə edib ki, rəqəmsal mühitdə psixi sağlamlığa mənfi təsir göstərən amillərin müəyyən edilməsi və aradan qaldırılması üçün davamlı və sistemli fəaliyyət həyata keçirilməli, dəyişən reallıqlar nəzərə alınaraq hüquqi tənzimləmələr və profilaktik mexanizmlər mütəmadi şəkildə yenilənməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB