“Azərbaycanın sülhməramlı fəaliyyəti ölkənin beynəlxalq nüfuzunun artmasına töhfə verir” - DEPUTAT DANIŞDI

“Azərbaycan beynəlxalq münasibətlər sistemində sülh və təhlükəsizliyin təşviqinə xüsusi önəm verən dövlət kimi çıxış edir”. Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, ölkə qlobal miqyasda sülhün, sabitliyin və insan hüquqlarının qorunması istiqamətində ardıcıl siyasət həyata keçirir və bu məqsədlə mövcud beynəlxalq hüquq normalarına uyğun olaraq öz imkanlarından istifadə edir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə ölkənin sülhməramlı fəaliyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Bu fəaliyyətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, dövlətin müsbət imicinin formalaşmasına və qlobal əməkdaşlıq platformalarında fəal iştirakına mühüm töhfə verib.

Azərbaycan Silahlı Qüvvələri müxtəlif beynəlxalq sülhməramlı missiyalarda iştirak edərək kollektiv təhlükəsizliyə real töhfə göstərib. Xüsusilə Əfqanıstanda həyata keçirilən sülhməramlı fəaliyyətlər ölkənin beynəlxalq təhlükəsizlik təşəbbüslərinə sadiqliyini nümayiş etdirib və dünya dövlətləri tərəfindən müsbət qiymətləndirilib. Bu missiyalar Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trump ilə keçirdiyi görüşlər zamanı da Azərbaycanın sülhməramlı fəaliyyəti xüsusi vurğulanmış, ölkənin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr yüksək qiymətləndirilib. Bu cür diplomatik təmaslar dövlətlərarası münasibətlərin möhkəmlənməsinə və qarşılıqlı etimadın artmasına xidmət edib.

Qeyd edilməlidir ki, Azərbaycan sülhməramlı kontingenti döyüş əməliyyatlarında iştirak etmir. Onların əsas vəzifəsi strateji və mühüm obyektlərin mühafizəsi, humanitar təhlükəsizliyin təmin olunması və beynəlxalq missiyaların sabit fəaliyyətinə dəstək verməkdən ibarətdir. Eyni zamanda, bu qüvvələr yerləşdikləri ölkələrin daxili işlərinə müdaxilə etmir ki, bu da beynəlxalq sülhməramlı fəaliyyətin fundamental prinsiplərindən hesab olunur.

Beynəlxalq təcrübədə qlobal əhəmiyyət daşıyan infrastruktur obyektlərinin qorunması bəşəri təhlükəsizliyin mühüm elementlərindən biridir. Azərbaycan hərbçilərinin bu istiqamətdə iştirakı həm ölkənin müdafiə qabiliyyətinin peşəkarlığını nümayiş etdirir, həm də ordunun beynəlxalq səviyyədə nüfuzunu artırır.

Belə missiyalarda iştirak Azərbaycan Ordusunun peşəkar hazırlığının yüksəlməsinə, beynəlxalq standartlara uyğunlaşmasına və çoxtərəfli təhlükəsizlik əməkdaşlığında fəal rol oynamasına şərait yaradır. Bu isə ölkənin müdafiə və təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.

Cəmiyyətdə sülhməramlı missiyalarla bağlı müxtəlif fikirlərin səsləndirilməsi təbii haldır. Lakin mövcud reallıqlar göstərir ki, Azərbaycanın bu fəaliyyətləri beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilir və regionda, eləcə də qlobal miqyasda sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu səbəbdən qeyd olunan proseslərin təşviş doğuracaq əsaslarının olmadığı qənaətinə gəlmək mümkündür”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə