"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtonda keçirilən Sülh Şurası tədbirində iştirakı tarixi hadisə kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, bu yeni format əsasən Qəzza münaqişəsinin həlli və bölgədə təhlükəsizliyin təmin olunması məqsədilə yaradılıb. Azərbaycanın bu platformada iştirakı ölkəmizin beynəlxalq nüfuzunun və artan diplomatik çəkisinin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.
_(1)_(1)_(1).jpg)
Turan Rzayev sözlərinə belə davam edib: Ümumilikdə, Azərbaycan - Amerika Birləşmiş Ştatları münasibətləri son dövrdə, xüsusilə ötən ilin ikinci yarısından etibarən daha da intensivləşib. Qarşılıqlı təmasların artması və yüksək səviyyəli dialoq münasibətlərin inkişaf dinamikasını açıq şəkildə nümayiş etdirir. ABŞ Prezidenti Donald Trump tərəfindən Prezident İlham Əliyev haqqında səsləndirilən fikirlər də diqqət çəkir. O, Azərbaycan Prezidentini ABŞ-ın etibarlı tərəfdaşı və şəxsi dostu kimi xarakterizə edir və müxtəlif çıxışlarında Ermənistan - Azərbaycan münaqişəsinin həlli istiqamətində vasitəçilik səylərinə də toxunur.
Bu baxımdan Azərbaycan - ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur. Əvvəlki dövrlərdə formalaşmış müəyyən soyuqluq və anlaşılmazlıqlar aradan qaldırılır, daha konstruktiv və perspektivli əməkdaşlıq mühiti yaranır. Şəxsi diplomatiya və liderlər arasında qarşılıqlı etimad bu prosesdə mühüm rol oynayır.
Sülh Şurasında iştirak bir daha göstərdi ki, Azərbaycan bu format üçün önəmli tərəfdaşdır. Ölkəmiz indiyədək Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda etibarlı mövqeyi ilə seçilib. Azərbaycanın strateji coğrafi mövqeyi, enerji resursları, eləcə də İsrail və Türkiyə ilə balanslı və uğurlu siyasət yürütməsi Vaşinqton üçün Bakının əhəmiyyətini daha da artırır.
Sülh Şurasının ilk iclası da müəyyən nəticələrlə yadda qaldı. Qəzza bölgəsinin bərpası üçün maliyyə mexanizmləri üzrə ilkin razılaşmalar əldə olundu, təhlükəsizlik məsələləri üzrə isə müəyyən ölkələrin hərbi və polis kontingentlərinin iştirakı müzakirə edildi. Azərbaycan birbaşa hərbi və ya təhlükəsizlik missiyasında yer almasa da, prosesin təşəkkülü və siyasi dəstəyi baxımından mövqeyi əhəmiyyətlidir. Gələcək mərhələdə mandat və vəzifə öhdəlikləri dəqiqləşdirildikdən sonra Azərbaycanın daha aktiv iştirak imkanları da istisna deyil.
Ümumilikdə, bu iştirak Azərbaycan - ABŞ münasibətlərinin inkişafında yeni səhifə açır və tərəflər arasında əməkdaşlığın perspektivlərinin geniş olduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB