“İlham Əliyevin Paşinyanla görüşü Azərbaycanın sülhə töhfəsini göstərir“ - DEPUTAT DANIŞDI

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən “Sülh Şurası”na dəvət olunması beynəlxalq ictimaiyyət üçün mühüm siqnaldır”.

Bu sözləri SİA -ya açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, bu dəvət Prezident İlham Əliyevin şəxsiyyətinin dünya miqyasında tanınması, söz və əməli ilə nüfuzlu dövlət və siyasi xadim kimi qəbul edilməsi və beynəlxalq məsələlərin həllində oynadığı fəal rol ilə birbaşa bağlıdır:

”Prezident İlham Əliyevin fəaliyyəti, xüsusilə Cənubi Qafqaz regionunda sülhün və əməkdaşlığın qurulmasına verdiyi töhfələrlə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun diplomatik addımları, həmçinin münaqişələrdən əziyyət çəkən digər ölkələr üçün də nümunəvi rəhbərlik modeli təqdim edir.

“Sülh Şurası”nda ABŞ Prezidentinin cənab İlham Əliyevin və Azərbaycanın adını bir neçə dəfə qeyd etməsi həm hörmət, həm də ehtiramın əyani göstəricisidir. Bu, Azərbaycanın regionda və beynəlxalq aləmdə sülh təşəbbüslərində oynadığı mühüm rolu vurğulayır. Həmçinin Prezident İlham Əliyevin iclas çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməsi ölkəmizin sülhə və əməkdaşlığa olan əzm və iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Bu görüş yalnız rəsmi diplomatik görüş deyil, həm də Azərbaycanın konstruktiv, məsuliyyətli və etibarlı tərəfdaş kimi beynəlxalq mövqeyini gücləndirən strateji addımdır.

ABŞ-ın belə nüfuzlu tədbirə dəvət etməsi göstərir ki, beynəlxalq problemlərin həllində Azərbaycanın iştirakı mühüm və bəzən əvəzolunmazdır. Prezident İlham Əliyevin qlobal diplomatik fəaliyyəti, sülh və əməkdaşlıq təşəbbüsləri regionda və beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Bu tədbir eyni zamanda dünyaya mesaj verir ki, Azərbaycan yalnız öz maraqlarını deyil, həm də regionun və qlobal sülhün təmin edilməsini ön planda saxlayır.

Geniş mənada, Prezident İlham Əliyevin “Sülh Şurası”ndakı iştirakı Azərbaycan dövlətinin beynəlxalq sülh proseslərinə verdiyi töhfələrin, diplomatiyada məsuliyyətli və uzaqgörən liderlik nümunəsinin əyani sübutudur. Dövlət başçımızın fəaliyyətləri göstərir ki, Azərbaycan qlobal miqyasda söz sahibi olan, konstruktiv və etibarlı tərəfdaş kimi qəbul edilir və beynəlxalq problemlərin həllində fəal rol oynamağa qadirdir.

Bu tədbir həm Azərbaycan diplomatiyasının uğurunu, həm də ölkəmizin beynəlxalq arenada nüfuzunu və sülh təşəbbüslərinə verdiyi töhfələri əks etdirir. Prezident İlham Əliyevin fəaliyyəti, həm regionda, həm də qlobal səviyyədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülhün möhkəmlənməsinə və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin uğurla həyata keçirilməsinə zəmin yaradır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə