Milli Məclis "Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanunun layihəsini ilk oxunuşda qəbul edib.
SİA xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Yeni hazırlanan layihə barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, hazırda qüvvədə olan mövcud qanun 5 fəsil və 45 maddədən ibarət idisə, yeni layihədə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub:
"Yeni layihə yalnız hüquqları bəyan etmir, onların reallaşdırılması, müdafiəsi, monitorinqi və bərpası mexanizmlərini ətraflı tənzimləyir. Burada ilk dəfə anlayışlar sistemi formalaşdırılır. Bu da hüquq tətbiqetmə zamanı boşluqlarının aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda qanun layihəsində uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir.
Belə ki, hazırkı qanunda bu prinsip mövcud olsa da, onun tətbiqi qaydaları müəyyən edilməyib. Yeni layihədə isə uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarla müəyyən edilir. Uşağa aid qərar qəbul edilməzdən əvvəl araşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfi təsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlik kimi təsbit olunur. Bu, beynəlxalq hüquqda qəbul edilmiş "uşağın üstün marağı " prinsipinin milli qanunvericilikdə tam tətbiqini təmin edir".
Həmçinin diqqətə çatdırılıb ki, yeni layihədə zorakılıq formaları fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq, internet zorakılığı və s. olmaqla təsnif edilir.
Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı müəllimlərin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın tibbi, psixoloji, sosial reabilitasiyası dövlətin birbaşa öhdəliyi kimi müəyyən edilir.
Mövcud qanundan fərqli olaraq, yeni qanun layihəsində "erkən evlilik" ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır.
Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur.
Həmçinin yeni layihədə hər bir uşağın fikir və söz azadlığı, eyni zamanda, uşağın məlumat almaq, əldə etmək azadlığı haqqında ayrıca maddələr qeyd olunur.
Uşaq və ailə münasibətlərinə gəldikdə isə, yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur.
Eyni zamanda uşaq inzibati və məhkəmə icraatında birbaşa iştirak hüququna malik subyekt kimi tanınır. Uşaqyönümlü prosedurlar, yaşa uyğun izahat, hüquqi yardım, nümayəndə ilə təminat ayrıca maddələrlə tənzimlənir. Bu yanaşma uşaq ədalət sistemi konsepsiyasına tam uyğundur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB