Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” sərgisində iştirak edir - FOTOLAR

Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” sərgisində iştirak edir. SİA xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən fevralın 8-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın aparıcı müdafiə sənayesi tədbirlərindən biri olan “World Defence Show 2026” beynəlxalq sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 127 adda, həmçinin Azərbaycanın “6LSystems”, “RD Smart”, “Q-STP”, “Synapline”, “USH Group” və "İTX Motors" şirkətlərinin 53 adda müasir hərbi məhsulları nümayiş olunur.

Ən son hərbi texnologiya, avadanlıq və sistemlərin təqdim edildiyi “World Defence Show 2026” sərgisinə 76-dan çox ölkədən 773-dən artıq şirkət və 441-dən çox rəsmi nümayəndə heyəti qatılıb. Tədbirdə 106 mindən çox ziyarətçinin iştirak edəcəyi gözlənilir.

Sərgi çərçivəsində nazir V.Mustafayev Slovakiya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak ilə görüşüb. Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Memorandum imzalanıb.

V.Mustafayev, həmçinin Malayziya Respublikasının müdafiə naziri Dato Seri Haji Mohamed Khaled Nordin ilə də görüşüb. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri, texnoloji tərəfdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, “World Defence Show 2026” sərgisi fevralın 12-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə