“Qarabağda yenidənqurma işləri dövlət siyasətinin prioritet istiqamətidir“ - DEPUTAT DANIŞDI
“ “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafına ciddi təkan verməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən canlanması və regionun dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, artıq bu ərazilərdə təhlükəsizlik təmin edilib və mərhələli şəkildə əhalinin öz doğma yurdlarına qayıdışı prosesi başlanıb:
”Füzuli, Zəngilan, Şuşa, Ağdam və digər şəhər və kəndlərdə insanlar ata-baba torpaqlarına dönərək kənd təsərrüfatı və digər faydalı fəaliyyətlərlə məşğul olurlar. Bu proses təkcə sosial bərpa deyil, eyni zamanda iqtisadi dirçəlişin real göstəricisidir.
Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini ilk gündən dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib. Bu günədək həmin ərazilərin bərpasına 25 milyard manatdan artıq vəsaitin ayrılması aparılan siyasətin miqyasını və ardıcıllığını açıq şəkildə nümayiş etdirir. Köç prosesinin mərhələli şəkildə həyata keçirilməsi isə əsasən təhlükəsizlik amilləri ilə bağlıdır. Minalardan tam təmizlənməmiş ərazilərdə hələ də təhlükəli hallar müşahidə olunur və bu, dinc sakinlərin, eləcə də mütəxəssislərin həyatına real risk yaradır. Bu səbəbdən təhlükəsizlik tədbirlərinin maksimum diqqətlə icrası mühüm zərurət kimi qarşıya qoyulub.
Müsbət məqamlardan biri də köç edən əhalinin yaşayışı üçün zəruri olan bütün infrastrukturun yaradılmasıdır. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, ictimai iaşə obyektləri fəaliyyət göstərir, insanların məşğulluğunun təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda işğaldan azad olunmuş ərazilər güclü iqtisadi potensiala malikdir. Son illərdə yüz minlərlə hektar sahədə əkin-biçin işlərinin aparılması bu torpaqların gələcəkdə ölkənin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyində mühüm rol oynayacağını göstərir. Qarabağ torpaqları tarixən məhsuldarlığı ilə seçilib və bu ənənənin bərpası artıq real nəticələr vəd edir.
İnsanların 30 illik fasilədən sonra öz ata-baba yurdlarına qayıtması yalnız iqtisadi və sosial hadisə deyil, həm də dərin mənəvi məna daşıyan tarixi prosesdir. Bu, uzun illər çəkən həsrətin sona çatması, milli ədalətin bərpası deməkdir. Bu gün həmin ərazilərdə həyat tədricən normallaşır və bu, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Prezidentin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər etməsi, görülən işlərlə yerində tanış olması və yeni tapşırıqlar verməsi bərpa prosesinin daim nəzarətdə saxlanıldığını göstərir.
Böyük Qayıdış proqramı hər bir Azərbaycan vətəndaşının ümumi arzu və gözləntilərini əks etdirir. Məqsəd işğaldan azad olunmuş ərazilərin qısa müddətdə abadlaşdırılması, dayanıqlı yaşayış mühitinin formalaşdırılması və soydaşlarımızın təhlükəsiz və firavan şəkildə öz yurdlarına qayıtmasını təmin etməkdir. Qarabağda gedən bu dirçəliş prosesi müasir Azərbaycanın gücünü, siyasi iradəsini və gələcəyə olan inamını nümayiş etdirən ən mühüm milli layihələrdən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB