“Bu gün Azərbaycan güclü dövlətdir, sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır“ - DEPUTAT DANIŞDI
“Azərbaycan bu gün regional və qlobal miqyasda öz sözünü deyən, milli maraqlarını beynəlxalq hüquq çərçivəsində qətiyyətlə müdafiə edən güclü dövlətdir”. Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sisteminin dərin dəyişikliklər mərhələsindən keçdiyi bir dövrdə dövlət başçımızın səsləndirdiyi fikirlər son dərəcə real və prinsipialdır:
“Təəssüf ki, bu gün dünyada beynəlxalq hüququn ikili standartlara əsaslanaraq tətbiq edildiyini və qanunun aliliyinin yerini çox zaman güc qaydasının tutduğunu görürük. Məhz belə bir şəraitdə Azərbaycan öz strategiyasını düzgün müəyyənləşdirərək, milli maraqlara əsaslanan, eyni zamanda beynəlxalq hüquqa tam uyğun addımlar atmışdır. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası bunun ən bariz sübutudur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan dövlətinin sülhə, dialoqa və insan həmrəyliyinə verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Otuz ildən artıq davam edən münaqişə və qan tökülməsindən sonra Cənubi Qafqazda sülhün bərqərar olması tarixi nailiyyətdir. Bu gün Azərbaycan–Ermənistan münasibətlərinin qarşıdurmadan əməkdaşlığa doğru dəyişməsi göstərir ki, Bakı sülhü real addımlarla təmin edir. Nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, enerji təchizatının təmin olunması regionda qarşılıqlı etimadın formalaşmasına xidmət edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxilində sabitlik tam təmin olunub. Ölkəmiz üçün əsas risklər daxildən deyil, regiondakı geosiyasi proseslərdən qaynaqlana bilər. Buna görə də biz hər zaman qonşuluğumuzda sabitliyin və təhlükəsizliyin tərəfdarı olmuşuq. Müharibənin ağrı-acısını yaşamış bir xalq olaraq sülhün dəyərini hamıdan yaxşı bilirik.
Azərbaycanın enerji sahəsində oynadığı rol həm regional, həm də qlobal əhəmiyyət daşıyır. Bu gün ölkəmiz Cənubi Qafqazın əsas enerji təminatçısı olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edən Azərbaycan, boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Bu, həm Azərbaycanın iqtisadi gücünün, həm də etibarlı tərəfdaş imicinin göstəricisidir.
Bu gün Azərbaycan güclü dövlətdir, sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Davosdan verdiyi mesajlar bir daha sübut etdi ki, ölkəmiz yeni beynəlxalq reallıqlarda öz yolunu müəyyənləşdirib və bu yoldan dönməyəcək. Azərbaycanın mövqeyi hər zaman olduğu kimi, milli maraqlar, beynəlxalq hüquq və ədalətli sülhdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB