“Tərtər elektromexanika zavodunun yenidənqurulması dayanıqlı inkişaf strategiyasıdır“ - ŞƏRH OLUNDU
“Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərin hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi siyasət ölkənin uzunmüddətli strateji hədəflərinin əsas tərkib hissəsidir”. Bu sözləri politoloq Sahil Kərimli SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu ərazilərdə sosial infrastrukturun bərpası, yeni fabrik və zavodların inşası, iqtisadi fəallığın artırılması məqsədilə görülən tədbirlər sürətlə və planlı şəkildə icra olunur:
”Azad edilmiş ərazilərin tam şəkildə yenidən qurulması və yaşayış üçün əlverişli mühitin yaradılması dövlətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib.
Yanvarın 12–13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azad olunmuş ərazilərə səfəri, xüsusilə yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakı Böyük Qayıdış proqramının praktiki icrasının bariz nümunəsidir. Bu səfərlər çərçivəsində su və elektrik stansiyalarının açılması, sənaye və sosial obyektlərin istifadəyə verilməsi dövlət başçısının bu prosesləri şəxsən nəzarətdə saxladığını və bərpa siyasətinə xüsusi önəm verdiyini göstərir.
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı da bu siyasətin davamlı xarakter daşıdığını təsdiqləyən mühüm hadisədir. Məlumdur ki, sözügedən zavod hələ sovet dövründə fəaliyyət göstərmiş və 1970-ci illərdə açılışı Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdir. Ermənistanın işğalı nəticəsində bu ərazilərdə infrastruktur tamamilə dağıdılmış, sənaye obyektləri sıradan çıxarılmışdır. Lakin Azərbaycan dövləti əraziləri işğaldan azad etdikdən sonra genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlamışdır.
Zavodun yenidən qurulması elektrotexnika və elektromexanika sahəsində mühüm istehsal potensialının formalaşdırılmasına xidmət edir. Bu layihə həm ölkənin sənaye imkanlarının genişlənməsinə, həm iqtisadi inkişafın sürətlənməsinə, həm də müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bu tip layihələr Azərbaycanın dayanıqlı inkişaf strategiyasının əsas sütunlarından biri kimi çıxış edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB