"Rejimin sərt güc tətbiqi prosesləri daha da radikallaşdırır" - ŞƏRH EDİLDİ

"İranda baş verən son proseslər artıq təkcə sosial-iqtisadi narazılıq çərçivəsindən çıxaraq açıq siyasi qarşıdurma mərhələsinə qədəm qoyub. Əvvəlcə iqtisadi tələblərlə başlayan etirazlar bu gün rejimin istefası çağırışları ilə müşayiət olunur ki, bu da hakimiyyətlə cəmiyyət arasında yaranmış uçurumun nə qədər dərinləşdiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, etirazçıların artıq yalnız güzəşt deyil, siyasi dəyişiklik tələb etməsi vəziyyətin nəzarətdən çıxması riskini artırır: "Rejimin sərt güc tətbiqi isə prosesləri daha da radikallaşdırır. Bu fondda İranda vətəndaş müharibəsi ehtimalı artıq siyasi təhlilçilərin gündəminə daxil olub və bu risk gözardı edilə bilməz. Belə həssas mərhələdə İrandan xarici vətəndaşların kütləvi şəkildə çıxmaq istəyi tamamilə anlaşılandır. Bu, yalnız təhlükəsizlik məsələsi deyil, həm də ölkənin sabahı ilə bağlı yaranmış qeyri-müəyyənliklə əlaqəlidir. Belə situasiyalarda region ölkələrinin davranışı xüsusi əhəmiyyət daşıyır. Qeyd edim ki, Azərbaycan bu kimi böhranlı vəziyyətlərdə hər zaman humanitar məsuliyyət nümayiş etdirən dövlət olub. Əgər İranda vəziyyət daha da gərginləşərsə və real humanitar ehtiyac yaransa, düşünürəm ki, Azərbaycanın İrandan çıxmaq istəyən xarici vətəndaşlar üçün sərhədlərini açması ehtimalı istisna deyil. Bu, nə siyasi tərəf tutmaqdır, nə də kiməsə dəstək jestidir. Bu, sırf humanitar və insani yanaşmadır.

Onu da vurğulamaq lazımdır ki, belə qərarlar ani verilmir. Azərbaycanın təhlükəsizlik maraqları, regional risklər və mümkün təxribat ehtimalları diqqətlə qiymətləndirilir. Dövlət bu məsələlərdə emosional deyil, rasional yanaşma sərgiləyir və milli maraqları əsas götürür. İranda yaşananlar göstərir ki, proseslər artıq daxili məsələ olmaqdan çıxıb və regional təhlükəsizlik gündəminin bir hissəsinə çevrilib. Azərbaycan isə belə mürəkkəb mərhələdə həm humanitar dəyərlərə sadiqliyini, həm də milli təhlükəsizliyini qorumaq iqtidarında olan dövlət kimi öz mövqeyini saxlamalıdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə