"Azərbaycan bərpaolunan enerji sahəsində cəlbedici investisiya məkanına çevrilir" - ŞƏRH

"8 yanvar 2026-cı il tarixində Azərbaycan enerji sektorunda mühüm hadisəyə şahid oldu. Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edərək, ölkənin bərpaolunan enerji sahəsində əldə etdiyi nailiyyətləri və gələcək planlarını açıqladı. 240 meqavat gücündə olan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji potensialının gücləndirilməsində mühüm addımdır. 2022-ci ilin yanvar ayında təməli qoyulan bu layihə dörd il ərzində uğurla tamamlanaraq istismara verildi. Prezident İlham Əliyev açılış mərasimində bu stansiyanın tikintisində əməyi keçən bütün insanlara və şirkətlərə təşəkkürünü bildirərək, xüsusilə investor olan "ACWA Power" şirkətinin rolunu vurğuladı". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, "ACWA Power" şirkətinin Azərbaycanda inşa etdiyi bu ilk bərpaolunan enerji layihəsi sonuncu olmayacaq:

"Şirkət ölkədə daha böyük planlar nəzərdə tutur və Azərbaycan dövləti bu əməkdaşlığı tam dəstəkləyir. Dünya miqyasında aparıcı şirkətlərdən biri olan "ACWA Power" həmçinin Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi innovativ layihələrdə də investor kimi çıxış edəcək. Layihənin baş podratçısı "Power China" şirkətinin fəaliyyəti də yüksək qiymətləndirilib. Bu şirkət gələcəkdə təkcə podratçı deyil, həm də investor kimi digər layihələrdə iştirak edəcək. Prezident bu əməkdaşlığın uğurlu beynəlxalq tərəfdaşlıq nümunəsi olduğunu bildirdi. Bununla yanaşı, Azərbaycan energetiklərinin əməyi xüsusi vurğulandı. Son illər ölkədə yeni generasiya güclərinin istismara verilməsi mürəkkəb və məsuliyyətli proses olub. Xüsusilə bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sisteminə inteqrasiyası böyük peşəkarlıq və vəsait tələb edir. Bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının tikintisi daha da genişlənəcəyi üçün Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə saxlanmalıdır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanda enerji sisteminin son 20 il ərzində keçirdiyi dəyişiklikləri ətraflı şərh etdi. Bu dövr ərzində generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Ən əhəmiyyətlisi isə generasiya güclərinin bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artaraq təqribən 10 min meqavat səviyyəsinə çatmasıdır. Bu rəqəm Azərbaycan üçün tarixi rekord hesab olunur.
Ötən il Mingəçevirdə istismara verilmiş 2000 meqavat gücündə ənənəvi elektrik stansiyası ölkənin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu təcrübə göstərdi ki, Azərbaycanda ənənəvi və bərpaolunan generasiya gücləri paralel şəkildə inkişaf etdirilməlidir. Ancaq bu yanaşma ilə artan daxili tələbat təmin oluna və elektrik enerjisinin ixracı artırıla bilər.

Azərbaycanın müxtəlif bölgələrində bərpaolunan enerji layihələri sürətlə reallaşır. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilib. İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir ki, onların ümumi potensialı 340 meqavatdır.
Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda və digər azad edilmiş ərazilərdə nəzərdə tutulur. Qaradağ, Xızı və Abşeron rayonlarında artıq fəaliyyətə başlayan stansiyalar Azərbaycanın coğrafi vəziyyətinin istənilən bölgədə bərpaolunan enerji istehsalı üçün əlverişli olduğunu göstərir.
Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 giqavat səviyyəsindədir. Bu rəqəm ölkənin bu sahədə nə qədər böyük imkanlara malik olduğunu göstərir. İmzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə ümumiyyətlə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Su elektrik stansiyalarının potensialı nəzərə alındıqda, ölkənin enerji imkanları daha da genişlənəcək.

Qarabağ və Şərqi Zəngəzurda son beş il ərzində dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib ki, onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərdə potensial su elektrik stansiyalarının xəritəsi tərtib edilib və yalnız həmin bölgədə 500-600 meqavat gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək.

Artan bərpaolunan enerji potensialını effektiv istifadə etmək üçün Azərbaycanda tarixdə ilk dəfə Batareya Enerji Saxlanc Sistemi yaradılır. "AzərEnerji" tərəfindən öz vəsaiti hesabına icra edilən birinci layihə 250 meqavatlıqdır. Prezident xarici investorları da bu istiqamətdə fəaliyyət göstərməyə dəvət edib.

Prezident İlham Əliyev Azərbaycanın gözəl investisiya iqlimini vurğulayaraq, ölkəyə 300 milyard dollardan çox xarici sərmayə cəlb edildiyini bildirdi. Ölkənin maliyyə vəziyyəti çox müsbətdir və bu, dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Azərbaycanın kredit reytinqi artırılaraq investisiya və müsbət proqnozu olan səviyyəyə qaldırılıb. Xarici borc ümumi daxili məhsulun təqribən 6 faizindən bir qədər çoxdur ki, bu da çox aşağı göstəricidir. Valyuta ehtiyatları isə xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Ölkədə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, Azərbaycan rəsmən sülh şəraitində yaşayır və genişmiqyaslı quruculuq işləri aparılır. Prezident qeyd etdi ki, Azərbaycan sərmayə qoyuluşu üçün əlverişli məkandır və xarici şirkətlərin ölkəyə inamı tam əsaslıdır.

Artan enerji potensialı nəzərə alınaraq, Prezident xarici investorları süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edib. Azərbaycan şirkətləri də bu istiqamətdə fəaliyyət göstərməyə çağırılıb. Azərbaycan Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu günə qədər bu layihələrə 100 milyonlarla dollar vəsait qoyulub. Prezident vurğuladı ki, Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur və qəbul edilmiş qərarlarda, kontraktlarda heç bir dəyişiklik edilmir. "Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir," - deyə Prezident bildirdi. Azərbaycanın neft ixracı, qaz ixracı, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının və gübrələrin ixracı bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu sahədə çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir və dünya miqyasında gözəl imicə malikdir. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın bərpaolunan enerjiyə keçid strategiyasında mühüm addımdır. 240 meqavat gücündə bu stansiya ölkənin enerji potensialını gücləndirəcək və gələcək inkişafa töhfə verəcək. Azərbaycan həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrini paralel inkişaf etdirərək bölgənin ən etibarlı və güclü enerji təchizatçısı olmaq yolunda inamlı addımlar atır.
İmzalanmış kontraktlar, mövcud layihələr və gələcək planlar göstərir ki, Azərbaycan 2030-cu illərə qədər enerji sektorunda region liderləri sırasında yer alacaq. Xarici investorlarla qurulan güclü əməkdaşlıq, ölkənin siyasi və iqtisadi sabitliyi, eləcə də möhkəm hüquqi təminat Azərbaycanı bərpaolunan enerji sahəsində cəlbedici investisiya məkanına çevirir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə