"Yeni təşəbbüs ölkədə inkişafı stimullaşdırır" - ŞƏRH EDİLDİ

"Dövlət başçısının müvafiq sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması əslində çox mühüm hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Kənan Novruzov deyib.

Onun sözlərinə görə, bu təşəbbüs ölkədə şəhərsalma, memarlıq və infrastruktur sahəsində uzunmüddətli inkişafın stimullaşdırılması baxımından böyük əhəmiyyət kəsb edirp: "Təbii ki, bu dövr ərzində növbəti il ölkədə bir sıra strateji və əhəmiyyətli işlər həyata keçiriləcək, yeni layihələr həyata keçiriləcək və mövcud layihələr genişləndiriləcək.

Sözsüz ki, bu sərəncam işğaldan azad olunmuş ərazilərə-xüsusilə də Qarabağa da şamil olunacaq. Qarabağda icra olunacaq layihələr yalnız yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməyəcək, həm də bölgədə dayanıqlı iqtisadi inkişafın təmin olunmasına imkan yaradacaq. Bu, həm humanitar, həm iqtisadi, həm də sosial baxımdan önəmli bir addımdır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qarabağda ciddi layihələrin icrası nəzərdə tutulur. Bu layihələr arasında infrastrukturun bərpası, müasir yaşayış məntəqələrinin yaradılması, tarixi və mədəni abidələrin qorunması və şəhərsalma standartlarının beynəlxalq səviyyəyə çatdırılması kimi sahələr xüsusi yer tutacaq. Qeyd olunan sərəncam yalnız humanitar və iqtisadi xarakter daşımır, eyni zamanda siyasi əhəmiyyətə malikdir. Ehtimal olunur ki, bu sərəncam çərçivəsində atılacaq addımların bir çoxu beynəlxalq ictimaiyyətə də müəyyən mesajlar verəcək, Azərbaycanın regiondakı mövqeyini və ərazilərin bərpasına dair iradəsini nümayiş etdirəcək.

Yəni, bir daha vurğulamaq lazımdır ki, bu təşəbbüs həm Qarabağda aparılan yenidənqurma və bərpa işləri baxımından, həm də Azərbaycanın beynəlxalq imici və nüfuzu baxımından olduqca əhəmiyyətlidir. Bu il həm yerli icmaların rifahının artırılmasına, həm də ölkənin regiondakı rolunun gücləndirilməsinə töhfə verəcək strateji bir il olacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə