“Qarabağ istehsal və iqtisadi dəyər qazanan regiondur” - POLİTOLOQ

“Prezidentin Ağdamda metal elektrik dirəkləri istehsalı müəssisəsinin açılışında iştirakı yeni bir istehsal müəssisəsinin istifadəyə verilməsi deyil, daha geniş siyasi-iqtisadi və strateji məna daşıyır”. Bu sözləri SİA- ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, birincisi, İlham Əliyevin şəxsən Ağdamda metal elektrik dirəkləri istehsalı müəssisəsinin açılışında iştirakı dövlətin azad edilmiş ərazilərin bərpasına formal deyil, birbaşa siyasi məsuliyyət səviyyəsində yanaşdığını göstərir. Bu, Qarabağın “yalnız bərpa edilən ərazi” yox, istehsal və iqtisadi dəyər yaradan region kimi formalaşdırıldığını təsdiqləyir.

İkincisi, müəssisənin məhz metal elektrik dirəkləri istehsal etməsi simvolik və praktik baxımdan mühümdür. Elektrik infrastrukturu hər bir müasir iqtisadiyyatın onurğa sütunudur. Bu addım Qarabağda enerji təhlükəsizliyinin, sənaye və yaşayış məntəqələrinin dayanıqlı inkişafının yerli istehsal hesabına təmin olunmasına yönəlib. Yəni region idxaldan asılı olmadan öz infrastrukturunu özü qurmağa başlayır.

Üçüncüsü, bu açılış Ağdamın sənaye şəhəri kimi yenidən dirçəldilməsi strategiyasının tərkib hissəsidir. Uzun illər dağıntılarla assosiasiya olunan Ağdam artıq post-münaqişə dövründə istehsal, məşğulluq və texnoloji potensial mərkəzinə çevrilir. Bu isə həm məcburi köçkünlərin qayıdışı, həm də sosial sabitlik baxımından mühüm faktordur.

Nəhayət, bu hadisə Prezident İlham Əliyevin yürüt­düyü “bərpa-istehsal-davamlı inkişaf” modelinin praktik təzahürüdür. Dövlət yalnız yol, bina və kommunikasiyalar tikmir, paralel olaraq real iqtisadi dəyər yaradan müəssisələr qurur. Bu isə Qarabağın gələcəyinin dotasiya alan bölgə deyil, özünü təmin edən iqtisadi məkan kimi planlaşdırıldığını açıq şəkildə göstərir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə