"Regionların inkişafı Bakının yükünü azaldır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumiyyətlə, dünyada belə bir proses gedir ki, şəhərləşmə artır, yəni kəndlər boşalır. Biz bu prosesi Azərbaycanda da müşahidə edirik. Amma Azərbaycanda bir məsələ var ki, yalnız Bakı inkişaf edir". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, digər rayon mərkəzləri və şəhərlərimiz o qədər də inkişaf etmir, bu da kəndlərin boşalmasına səbəb olur: "Çünki rayon və kəndlərdə işsizlik və digər sosial problemlər mövcuddur.

Sadə bir nümunə götürək-Sumqayıt Bakıdan cəmi 25 km məsafədə yerləşən sənaye şəhəridir. Amma oradan belə camaat iş üçün Bakıya gəlir. Əgər hələ Sumqayıt kimi bir şəhərdə işlə təminat zəifdirsə, bu, Azərbaycanda məsələnin nə qədər ciddi problem olduğundan xəbər verir.
Şəhərləşmə siyasəti yalnız Bakıda yox, Gəncə, Sumqayıt, Şirvan, Göyçay kimi digər regionlarda da həyata keçirilsə, həm bu şəhərlər inkişaf edər, həm də onların əhalisi işlə təmin olunar. Bu, Bakının da yüklənməsinin qarşısını alar. Əks halda, Bakı partlayışa hazır bomba kimi gərginləşmiş olur və bu artıq şəhərləşmə siyasətinə ziyandır. Ümid edirəm ki, yaxın zamanda bu məsələlərə məmurlar diqqət yetirəcək və şəhərləşmə bütün Azərbaycan üzrə balanslı şəkildə həyata keçiriləcək. Bu da həm regionların inkişafına, həm də əhalinin problemlərinin həllinə səbəb olacaq. Bakı qalığı milli-memarlıq irsi, əlbəttə ki, çox vacib məsələdir. Amma təəssüf ki, görürük ki, bəzi yerlərdə-məsələn, İçərişəhərdə və Bakının digər ərazilərində-köhnə memarlıq abidələri və tikililər sökülür. Bu, yolverilməzdir və bunun qarşısı alınmalıdır.

Müasirliklə klassikanın sintezi qorunmalıdır. Bakı həm müasirliyi, həm də tarixiliyi ilə tanınır. Xarici qonaqlar da Bakının məhz bu özəlliyinə valeh olurlar. Şərq memarlığı ilə Avropa üslubunun vəhdəti Bakı şəhərinin simasını formalaşdırır və bu sima mütləq qorunub saxlanmalıdır. Əgər şəhərdə planlaşdırılmamış şəkildə, hər yerdə və hər cür yeni tikililər inşa olunarsa, bu, Bakının tarixi ruhunu, gözəlliyini və memarlıq dəyərini kölgədə qoyacaq. Ümid edirik ki, qəbul olunan yeni sənədlər və strategiyalar çərçivəsində bu məsələlərə daha ciddi və diqqətli yanaşılacaq.

Yeni tikililər geoloji və memarlıq baxımından uyğunluq əsasında inşa olunmalı, köhnə binalar isə mümkün qədər bərpa edilməlidir. Texnoloji və memarlıq baxımından kompleks yanaşma ilə Bakı şəhərinin siması qorunmalı və gələcək nəsillərə ötürülməlidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə