"Avropa Parlamentinin prinsipial mövqe sərgiləmədiyi açıq şəkildə görünür" - ŞƏRH

"Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən dinləmələr və qəbul edilən qətnamələr uzun müddətdir ki, bölgədə formalaşan sülh gündəliyi ilə ziddiyyət təşkil edən siyasi xəttin davamı kimi çıxış edir. Bu yanaşma təsadüfi xarakter daşımır, əksinə, sistematik və institusional mahiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, xüsusilə post-münaqişə mərhələsində regional sabitliyin möhkəmlənməsinə ehtiyac olduğu bir vaxtda bu cür təşəbbüslər konstruktiv dialoqa deyil, gərginliyin saxlanılmasına xidmət edir: "Vətən müharibəsindən əvvəlki dövrə nəzər saldıqda Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə münasibətdə ardıcıl və prinsipial mövqe sərgiləmədiyi açıq şəkildə görünür. Maraqlıdır ki, eyni təsisat Gürcüstanın, Ukraynanın və Moldovanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyi halda, Azərbaycana münasibətdə bu prinsipi tətbiq etmirdi. Bu fərqli yanaşma beynəlxalq hüququn universallığına deyil, selektiv siyasi maraqlara əsaslanan mövqedən xəbər verir. Avropa Parlamentinin sənədlərində və çıxışlarında Azərbaycana qarşı səsləndirilən ittihamlar çox vaxt faktoloji əsasdan uzaq, emosional və birtərəfli xarakter daşıyıb. Bu isə obyektivlikdən daha çox, müəyyən lobbi qruplarının və regional maraqların təsiri altında formalaşan siyasi ritorikanı ön plana çıxarır. Xüsusilə Ermənistan diasporunun Avropa siyasi institutlarında təsir imkanları bu balanssız mövqenin formalaşmasında mühüm rol oynayır.

Post-münaqişə mərhələsində Azərbaycanın sülh təşəbbüsləri, normallaşma çağırışları və regional əməkdaşlıq təklifləri fonunda Avropa Parlamentinin təzyiq xarakterli dinləmələrə üstünlük verməsi sülh prosesinə töhfə vermir. Əksinə, bu yanaşma tərəflər arasında etimad mühitinin formalaşmasına mane olur və Avropa İttifaqının vasitəçi roluna xələl gətirir. Avropa Parlamentinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn bərabər tətbiqinə deyil, ikili standartlara əsaslanan siyasi davranış modelinin təzahürüdür. Bu isə həm Avropa institutlarının normativ iddialarını zəiflədir, həm də bölgədə dayanıqlı sülh perspektivlərini risk altına alır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə